Noyabrın 17-də Bakı Ekspo Mərkəzində İran İslam Respublikasının ixtisaslaşmış sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgidə, neft, qaz, neft-kimya, tikinti sənayesi, su, elektrik və maşınqayırma sahələrində çalışan Gilan əyalətinin 13 şirkəti və İranın digər əyalətlərinin 20 şirkəti iştirak edir.
Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev sərginin açılış mərasimində Azərbaycan və İran İslam Respublikası arasında əlaqələr qədim tarixə və mədəniyyətə malik olduğundan söz açıb. Bildirib ki, son dövrlər isə səmimi dostluq münasibətlərinə əsaslanan bu əlaqələrin yeni mərhələsi kimi xarakterizə oluna bilər.Vurğulanıb ki, mütəmadi olaraq iki ölkə arasında rəsmi nümayəndə heyəti və işgüzar dairələrin təmsilçilərinin görüşləri keçirilir, müştərək layihələr müzakirə olunur. Ölkələrimiz arasında fəaliyyət göstərən Hökumətlərarası Komissiya da bu əlaqələrin daha da dərinləşməsinə, yeni perspektivlərin açılmasına böyük töhfə verir.
Diqqətə çatdırılıb ki, sözügedən komissiyanın növbəti iclası bu ilin dekabrında İranda keçiriləcək və bu çərçivədə müxtəlif sahələr üzrə yaradılmış işçi qrupların və biznes nümayəndələrinin görüşləri təşkil olunacaq. Azərbaycan–İran əlaqələrinin sosial–iqtisadi, humanitar, turizm və digər istiqamətlərdə əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq.
Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi sərginin yüksək səviyyədə təşkilinə görə, İqtisadiyyat və Sənaye Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə edib.
Qeyd olunub ki, hər iki ölkənin iş adamları qarşılıqlı əməkdaşlıq etmək niyyətindədirlər. Belə ki, Gilan əyalətinin biznesmenləri də Azərbaycanda fəaliyyət göstərmək, sərmayə yatırmaqda maraqlıdırlar. Gilan vilayəti ilə Azərbaycan arasında turizm sahəsində böyük bir potensialın olduğunu söyləyən Məhəmmədəli Nəcəfinin sözlərinə görə, Ənzəlı limanından Bakı limanına turistlərin Xəzər dənizi vasitəsilə daşınması və bu yöndə turizmin inkişafı sürətli gəmilər vasitəsilə həyata keçirilə bilər. Gilan əyalətinin valisi ticarət sahəsində perspektivlərdən danışıb, bildirib ki, Azərbaycan tərəfində İran üçün zəruri olan məhsullar var.
Xatırladaq ki, İranın şimal zonasında yerləşən Gilan əyalətinin mərkəzi Rəşt şəhəridir. Gilan əyaləti Astara şəhərindən Azərbaycan Respublikası ilə quru sərhədə malikdir. Qərb bölgəsindən Ərdəbil əyaləti, cənubdan Zəncan və Qəzvin əyalətləri, şərqdən isə Mazandaran əyaləti ilə qonşudur.
Gilan əyaləti İranın təxminən 9 faizinə malik olaraq ölkə daxilində 92,1 faiz çay, 37,6 faiz düyü, 76,2 faiz fındıq, 85,1 faiz ipək, 60 faiz yer badamı, 21,4 faiz zeytun, 2,7 faiz sitrus meyvələri, 13,4 faiz nərə balıq, 4 faiz toyuq əti, 5,1 faiz ət, 22,4 faiz suda yetişdirilmiş balıq məhsulları, həmçinin 15 faiz balıq kürüsü istehsal edir.
Sərgi noyabrın 19-dək davam edəcək.