Milli Məclisin deputatı Mübariz Qurbanlının son təklifi müzakirə obyektinə çevrilib. Belə ki, millət vəkili həyat yoldaşını işləməyə qoymayan kişinin maaşının bir hissəsinin qadının pensiya fonduna keçirilə biləcəyini deyib.
Sitat: "Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişi özü qadını işləməyə qoymayıb"
QAZİLER.AZ Milli.az-a istinadən bildirir ki, sözügedən təklif sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bunu təqdir edənlər də var, kəskin etirazlar səsləndirənlər də...
Bu mexanizmin tətbiqi mümkündürmü? Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deputatın fikrini dəstəkləməyib:
"Bu məsələ qanuniləşərsə, dövlət ailə məsələlərinə müdaxilə etmiş olur. Qərar böyük problemlər yarada bilər. Bütün ailələr sona qədər birliyini qorumur, kifayət qədər boşananlar var. Digər tərəfdən sistem necə qurulacaq? Kişilərə bir-bir zəng vurub həyat yoldaşına işləməyə icazə verib-vermədiklərini soruşacaqlar? Bu gün nikah müqaviləsi ilə bağlı məsələni belə həll edə bilmirik".
İqtisadçı bildirib ki, bu qərar Azərbaycan ailə dəyərlərinə ziddir:
"Əvəzində evdar qadınlar üçün daha yüksək məbləğdə minimum pensiya məbləği müəyyənləşdirilə bilər. Məsələn, minimum pensiya 320 manatdırsa, evdar qadınlara bu, 400-500 manat olsun. Yəni 25 faiz daha çox...Ən sadə həll yolu budur. İndiki halda ABŞ və ya Avropa ölkələrində müşahidə olunan tendensiyanı ölkəyə daşımaq doğru deyil".