Azərbaycanın bu il yanvarın 1-nə 5 milyard 129,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,1 %-i elə dollarda olub.
Qaziler.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borcun tərkibində avro 5,8 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,4 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,6 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,3 %-ni, sabit dərəcə ilə olanlar isə 50,7 %-ni təşkil edib.
Xarici dövlət borcunun 49 %-i 5 ilə qədər olan müddətdə, 44,9 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 6,1 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun 63,3 %-i çoxtərəfli maliyyə institutları üzrə, 27 %-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 9,7 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.
Xarici dövlət borcunun 35,1 %-i Asiya İnkişaf Bankı üzrə, 27 %-i avrobondlar üzrə, 15,8 %-i Dünya Bankı üzrə, 22,1 %-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.
Xarici dövlət borcunun 41,7 %-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyinin, 58,3 %-i isə digər icraçı qurumların həyata keçirdiyi proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklər olub.