Səudiyyə Ərəbistanının neft siyasəti OPEK-i məhv edə bilər. Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Teleqraf” qəzeti yazıb. Qəzet OPEK-in dağılması nəticəsində İŞİD-in daha da güclənəcəyini bildirib:
“Səudiyyə Ərəbistanının neft siyasəti OPEK-i məhv edə bilər. Səudiyyə hazırda OPEK-in əleyhinə fəaliyyət göstərir. Neft istehsalını yüksək saxlamaqla qiymətlərin aşağı səviyyədə qalmasına səbəb olur. Təşkilat daxilində buna etiraz edənlərin sayı artır. Əlcəzair, Venesuela və Ekvador ucuz qiymətlərdən çox zərər görür. OPEK-in dağılması Səudiyyə Ərəbistanına da sərf etmir. Çünki OPEK vasitəsilə beynəlxalq gücünü və təsirini qoruyur. Səudiyyə digər neft istehsalçılarını bazardan çıxarmaq üçün qiymətləri aşağı səviyyədə saxlayır, lakin bundan özü də çox təsirlənir. Səudiyyə hazırkı vəziyyətdə bu siyasəti daha bir il davam etdirə bilməz. OPEK dağılarsa, Misir kimi İŞİD-lə savaşan ölkələr maliyyə cəhətdən zəifləyəcək və mübarizəni dayandırmalı olacaqlar. Nəticədə İŞİD İraq, Liviya və Əlcəzairdə daha da güclənəcək”.
Qeyd edək ki, Beynəlxalq Enerji Təşkilatı (BEA) OPEK-in gəlirlərinin neftin ucuzlaşmasından dolayı 1 trilyondan 550 milyard dollara düşdüyünü açıqlayıb.