Azərbaycanda son bir neçə gündə dolların qiymətində bahalaşma müşahidə olunur. Mərkəzi Bankın bu gün elan etdiyi rəsmi məzənnəyə görə, 1 dollar 1.0504 manat olub. Dolların bahalaşması insanlar arasından süni panikaya səbəb olub. Mətbuatda, sosial şəbəkələrdə aparılan müzakirələrdə iddia edilir ki, dolların qalxması ikinci devalvasiyanın başlamasından xəbər verir. Əməkdaşlarımız paytaxtın valyutadəyişmə məntəqələrinə baş çəkərək hazırki vəziyyətlə maraqlanıblar. “28 May” metrostansiyasının yaxınlığından yerləşən “AtraBank”ın valyutadəyişmə məntəqəsində dollar almaq və ya satmaq üçün bir nəfər də gözə dəymirdi.
Valyutadəyişmə məntəqəsində işləyənlər də deyir ki, səhərdən indiyə kimi dollar almaq üçün onlara barmaqla sayılacaq qədər adam yaxınlaşıb: “Əvvəlki günlərə nisbətən bu dəfə dolların bahalaşması elə də ajiotaj yaratmayıb”.“Zaminbank”ın valyutadəyişmə məntəqəsində də müştəri demək olar ki, yox idi. Bir neçə saat müşahidə aparsaq da, bu müddət ərzində məntəqənin qapısını açan bir nəfər belə, gözümüzə dəymədi.
“Yunayted Kredit Bank”ın “exchange”lərində işçilər boşluqdan küçəyə çıxıb söhbət edirdilər. Həmsöhbət olduğumuz bank işçiləri bildirdilər ki, dolların yenidən bahalaşmasına baxmayaraq, heç kim pulunu dollara çevirmək istəmir: “Bir neçə dəfə belə hal yaşandı. İndi hamı elə bilir ki, banklar bunu qəsdən edirlər. Amma dollarının kursunun dəyişməsi tamamilə bazara bağlı olan məsələdir. Odur ki, vətəndaşlar buna görə, dolların yenidən ucuzlaşacağını zənn edib pullarını dəyişmirlər. Həm də bundan öncəki bahalaşmada əhali əllərində olan bütün pullarını dollara çevirdi. Ona görə də indi əhalidə ehtiyyat kimi manatla pul qalmayıb”.
“Kredo Bank”ın valyutadəyişmə məntəqələrində də vəziyyət digərlərindən fərqlənmir.
Müştəri sarıdan korluq çəkən bankların valyutadəyişmə məntəqələrində nəhayət bir nəfər müştəri tapa bildik.
Pulunu dollarda saxlamağa üstünlük verən Əlibəy Azəri deyir ki, əslində elə bir problem yoxdur, insanlar narahat olmasınlar: “Əslində Rusiya və Türkiyə kimi iri dövlətlər maraqlı bir siyasət həyata keçirirlər. Bu ölkələrdə həftənin altıncı və bazar günləri banklar işləmir. Belə olan halda banklar həmin günlərdə dolların kursunu aşağı salır, həftənin digər günlərində isə dolların məzənnəsini bahalaşdırırlar. İndi biz də bu sistemə keçirik”.
Həmsöhbətimiz deyir ki, ölkədə ticarətlə məşğul olanlar satışı manatla aparsalar da, daha sonra pullarını dollara çevirib xarici ölkələrə mal almağa gedirlər. Ona görə də ölkədə dollara tələbat artır.
Əmanətini dollarda saxlamağa üstünlük verən Sahibə Nəsibli isə deyir ki, uzun illərdir məzənnəsində heç bir dəyişiklik olmayan valyuta dollar olduğuna görə, pulunu bu valyutada saxlayır: “Gözümü açandan dollar dəyərdən düşmür. Ona görə də dollara həmişə tələbat var. Bu baxımdan pulumu dollarda saxlayıram”.
Paytaxtda apardığımız müşahidə zamanı məlum oldu ki, insanlar dolların qalxacağından ehtiyat edərək pullarını dəyişməyə tələsmirlər. Bu isə “exchange”lərin işini. necə deyərlər, əməlli-başlı öldürüb.