Astara şəhərində 100-dən yuxarı yaşayış evi sel sularının altında qalıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, bu, son 4 gün ərzində bölgəyə düşən intensiv yağışlar səbəbindən baş verib. Ən gərgin vəziyyət isə şəhərin Heydər Əliyev prospekti, Azərbaycan, Səməd Vurğun, Ziya Bünyadov və Həzi Aslanov küçələri ərazilərində yaranıb. Həyətləri, evlərin zirzəmilərini, küçələri su basdığından sakinlər öz evlərini tərk etmək məcburiyyətində qalıblar. Artıq 20-yə yaxın ailə su basma ilə əlaqədar qohumlarının yanına köçürülüb. Həmçinin şəhərdəki N saylı hərbi hissənin də ərazisi sel sularına qərq olub.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Astara Rayon İcra Hakimiyyətində (RİH) fövqəladə qərargah yaradılıb. İki gündür ki, müvafiq qurumlar gərgin iş rejiminə keçirilib. Təbii fəlakətin nəticələrinin qaldırılması tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları da cəlb olunublar. Ağır texnikanın və işçi qüvvəsinin köməyi ilə kanallar dərinləşdirilir, suyun qarşısını açmaq üçün lazım gəldiyi təqdirdə asfalt yollar da qazılır.Astara Rayon İcra Hakiniyyəti başçısının Astara şəhəri üzrə nümayəndəsi Şahverən Cavadovun APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, suötrücü kanalların mühafizə zolağında 10-15 il əvvəl fərdi yaşayış evlərinin tikilməsi səbəbindən həmin ərazilərdə su ötürücü kanalların qarşısı alınıb. Bununla belə, həyətlərdən və küçələrdən sel sularının qısa müddətdə çıxarılmasından ötrü bütün lazımi tədbirlər görülməkdədir.
Qeyd edək ki, cənub bölgəsində yağmurlu hava şəraiti davam edir.