2015-ci ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 512 281 ton Azərbaycan nefti nəql olunub. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 110 452 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il noyabrın 1-dək BTC-yə 287 935 149 ton neft vurulub.
Bundan başqa, 2015-ci ilin oktyabr ayında BTC kəməri ilə ümumilikdə 408 860 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.2015-ci ilin oktyabr ayı ərzində 2 285 420 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 440 540 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 23 967 398 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il noyabr ayının 1-dək Ceyhan limanından 285 906 488 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.