Mərkəzi Bank tərəfindən fevralın 23-də aparılmış monitorinqlər zamanı 6 bankın 10 valyuta mübadilə şöbəsi tərəfindən mövcud tələblərin gözlənilməməsi halı aşkarlanıb və həmin şöbələrə verilmiş icazələr ləğv edilib.
QAZİLƏR saytı xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır.Son dövrlərdə nağd xarici valyutanın alqı-satqı əməliyyatlarının həcminin artması səbəbindən nəzarət tədbirləri daha da intensivləşdirilib.
Mərkəzi Bank tərəfindən bundan sonra da valyuta qanunvericiliyinə, xüsusilə də valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdiriləcək, hər hansı hüquqi pozuntu hallarına qarşı müvafiq tədbirlər görüləcək.
Bu barədə Lent.az saytı məlumat yayıb.