“Samsung Electronics” son 7 kvartalda ilk dəfə olaraq gəlirlərini artırıb. İKT.lent.az-ın “3DNews”a istinadən verdiyi məlumata görə, 2015-ci ilin üçüncü kvartalının yekunlarına əsasən “Samsung” 6,42 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 82% çoxdur. 2013-cü ilin üçüncü kvartalından başlayaraq şirkətin maliyyə göstəriciləri azalmaqda idi. Cari ilin iyulundan sentyabrına qədər isə “Samsung”un xalis gəliri ötən illə müqayisədə 28% artaraq 4,6 milyard dollara çatıb.
Gəlirlərin artmasının səbəbi çip satışlarında əldə edilən nəticələrdir. Belə ki, korporasiyanın müvafiq bölməsi III kvartalda 3,2 milyard dollar həcmində rekord gəlir əldə edib ki, bu da şirkətin ümumi gəlirinin yarısını təşkil edir. Mobil bölmədə isə tənəzzül davam edir. Flaqman smartfonların buraxılışına baxmayaraq, bu sahədə gəlirlər II kvartalda qazanılan 2,4 milyard dollardan III kvartalda 2,1 milyarda enib. Səbəblərdən biri “Galaxy S6” və “S6 Edge” smartfonlarının qiymətinin aşağı salınmasıdır.