Zəngəzur dəhlizi dünyanın əksər ölkələrinin maraq dairəsində olmaqla yanaşı, Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici ticarət əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malikdir.
Qaziler.az Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinə istinadla xəbər verir.
Statistik məlumatlar göstərir ki, region ölkələri arasında xarici ticarət dövriyyəsinin xüsusi çəkisi yüksəkdir və bəzi ölkələr arasında birbaşa əlaqələrin olmaması ticarət əlaqələrinə mənfi təsir göstərir. Ölkəmiz Asiyanı Avropa ilə birləşdirən mühüm əhəmiyyətli Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə tarixi İpək yolunun bərpasını təmin edib və hazırda regionda qitələr arası daşınmaların həyata keçirilməsində böyük rol oynayır. Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi qələbə nəticəsində isə, Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycanın regionda mövqeyi daha da güclənmiş və nəqliyyat layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaranmışdır. Ümumilikdə Qarabağın nəqliyyat infrastrukturunun yenidən qurulması bir neçə istiqamətdə planlaşdırılır: 1) Mühüm regional əhəmiyyəti olan Zəngəzur dəhlizinin açılması; 2) Qarabağda beynəlxalq hava limanlarının tikintisi; 3) Qarabağın Şərq istiqamətində Bərdə-Ağdam, Yevlax-Xankəndi, Horadiz-Füzuli-Şusa dəmir yol xəttinin tikintisi; 4) Əhmədbəyli-Füzuli-Şuşa, Tərtər şəhərini Suqovuşan və Talış kəndlərini birləşdirən, Talışdan Naftalana, Göy Göldən Kəlbəcərə gedən, Horadiz-Zəngilan-Qubadlı-Laçın avtomobil yolunun tikintisi. Bu layihələrin içərisində region ölkələrinin və ümumilikdə Avropa və Asiyanın əksər ölkələrinin maraq dairəsində olanı Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsi nəticəsində, 2020-ci ili 10 noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən Zəngəzur dəhlizi istifadəyə verilməlidir. Bu dəhliz Zəngəzurdan keçərək Naxçıvan və Türkiyəyə uzanan Bakı-Horadiz-Meğri-Naxçıvan dəmir yolu xətti və Bakı-Ağdam-Xankəndi-Laçın-Gorus-Naxçıvan avtomobil yollarının yenidən bərpa edilərək, istifadəyə verilməsini nəzərdə tutur. Qeyd edək ki, SSRİ dövründə Zaqafqaziyanın dəmiryol daşımalarının 80%-i Azərbaycan vasitəsilə həyata keçirilirdi. Birinci xətt SSRİ-ni Türkiyə ilə birləşdirən Tbilisi-İrəvan-Culfa xətti, ikinci isə SSRİ-ni Türkiyə (Leninakan, Qars-Ərzurum-Ankara) və İran ilə birləşdirən Culfa-Tehran xətləri idi. SSRİ-dən Türkiyə və İrana bu xətlər vasitəsilə ildə 5 mln. ton yük daşınırdı. Lakin Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin başlaması ilə bu nəqliyyat yolunun fəaliyyəti dayanmışdır. Zəngəzur dəhlizinin açılması region ölkələrinin inkişafına təkan verməklə, dünyanın güc mərkəzlərinin maraq dairəsindədir. Ermənistanla hərbi münaqişə səbəbindən bu marşrut fəaliyyət göstərmir. Zəngəzur dəhlizinin açılması ilə yük daşımalarının həcminin kəskin artacağı proqnozlaşdırılır. Bu dəhliz ilə daşımaların Şimal-Cənub və Şərq-Qərb layihələrinə qoşulması region ölkələri üçün xüsusi əhəmiyyət daşıyacaq. Çinin «Bir kəmər, bir yol», «Lapis-Lazuli» nəqliyyat marşrutları layihəsi, Hindistan-İran-Rusiya arasındakı «Şimal-Cənub» nəqliyyat marşrutunun Zəngəzur dəhlizi ilə birləşdirilməsi qeyd edilən nəqliyyat layihələrinin səmərəliliyini daha da artıracaq. Digər tərəfdən mühüm məslələrdən biri də, bu istiqamət üzrə Bakıdan Qarsa yeni dəmir yol xəttinin birləşdirilməsinin mümkünlüyüdür. Bununla da, Bakı-Tbilisi-Qars dəmir yol xətti Bakı-Naxçıvan-İğdır-Qars dəmir yol xəttinə birləşəcək ki, bu da regionun bütün ölkələri üçün əlavə imkanlar yaradacaq. Bəzi qiymətləndirmələrə görə, Zəngəzur dəhlizinin Türkiyənin Naxçıvan istiqaməti ilə İqdır və Qars şəhərlərinə qədər uzadılması Gürcüstan ərazisindən keçən yoldan təqribən 340 km qısadır. Bu da əlavə olaraq 20 tonluq vaqon üçün 400-500 dollar daha ucuz başa gəlir. Qeyd edək ki, Bakıdan Horadizə gedən dəmir yol xətti istifadə üçün hazırdır. Zəngəzur dəhlizinin siyasi və regional iqtisadi inteqrasiya üçün əhəmiyyəti ilə yanaşı, region ölkələri arasında xarici ticarətin artırılması üçün də əhəmiyyəti böyükdür. Son illərdə Azərbaycanın Rusiya, Türkiyə və İran ilə xarici ticarət əlaqələrində önəmli artım olsa da, tam potensial imkanlara uyğun deyil. Ermənistanın ümumi xarici ticarət dövriyyəsində Rusiya və İranın xüsusi çəkisinin yüksək olmasına baxmayaraq malların daşınmasında əsaslı manelər var. Lakin Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın bu ölkələrlə ticarət dövriyyəsində ciddi artım olması mümkündür. Ermənistandan Rusiyaya, Ermənistandan İrana, Çindən Rusiyaya yük daşımalarının artması, Türkiyədən Rusiya və Orta Asiya ölkələrinə yük daşımaları Azərbaycan üçün əlavə tranzit gəlirlərinin əldə edilməsinə imkan verəcək. Zəngəzur dəhlizinin Şimal-Cənub nəqliyyat marşrutu ilə birləşməsi Azərbaycan üçün əlavə imkanlar yaradacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Zəngəzur dəhlizinin açılması ilə Ermənistan İran və Rusiyaya daha ucuz nəqliyyat əlaqələri quracaq. Ermənistanın daxilində iqtisadi böhranın genişlənməsi və əhalinin sosial vəziyyətin pisləşməsi hökumət üçün əlavə problemlər yaratdığından nəqliyyat dəhlizinin açılması ilə iqtisadi əlaqələrin inkişafı qarşıda duran problemlərin həlli üçün əhəmiyyət daşıyır. Bu dəhliz vasitəsilə Türkiyənin Şimal-Cənub nəqliyyat layihəsində səmərəli fəaliyyət göstərməsinə imkan yaranacaq. Zəngəzur dəhlizi Türkiyənin Rusiya və Orta Asiya Respublikaları ilə əlaqələrin qurulmasında da mühüm əhəmiyyət kəsb edir.
Yuxarıda qeyd edildiyi kimi, Zəngəzur dəhlizinin açılması regionun bütün ölkələri üçün, xüsusilə ,Azərbaycan üçün əhəmiyyət kəsb edir. Naxçıvan MR ilə Azərbaycanın qalan hissəsi arasında quru yolunun açılması hesabına yaradılacaq yeni nəqliyyat dəhlizi, Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmini artırmaqla bərabər, Azərbaycanın regional mövqeyini daha da gücləndirəcək. Azərbaycanın istehsal etdiyi məhsulların həm Naxçıvana, həm də Türkiyə bazarlarına daha asan və az xərclə çıxarılmasına imkan yaranacaq. Bu isə nəticə etibarilə sahibkarların ixrac imkanlarını genişləndirəcək. Bundan başqa, dəhliz Naxçıvanda fəaliyyət göstərən sahibkarlara Azərbaycanın Qərb bölgəsi vasitəsilə daha geniş bazarlara məhsul ixrac etmək imkanı verəcək. Qeyd etmək lazımdır ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında aktiv şəkildə iştirak etdiyindən, bu dəhliz, Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin, dolayısı ilə ölkəmizin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin artmasına imkan verəcək. Ölkəmizin coğrafi mövqeyi və nəqliyyat infrastrukturu beynəlxalq yükdaşımaların həcmini, o cümlədən Qarabağın qeyri-neft məhsulları üzrə iqtisadi potensialından istifadənin səmərəliliyinin artırmasına, həmçinin region ölkələrin xarici ticarət əlaqələrinin optimal nəqliyyat marşrutları əsasında inkişafına geniş imkanlar yaradacaqdır.
Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qarabağın quruculuğunda iştiraka təşviq” layihəsi çərçivəsində hazırlanmışdır. Məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər.
Aysel Aslan