“Avropa İttifaqı üçün “Şərq tərəfdaşlığı” mühüm əhəmiyyət kəsb edir”. APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard Avropa Şurası və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ölkələri ilə Proqramlı Əməkdaşlıq Çərçivəsi adlanan təqdimat mərasimində çıxış edərkən bildirib. O deyib ki, “Şərq tərəfdaşlığı” ölkələri, eləcə də Azərbaycanla bu sahədə əməkdaşlıq əsasən 4 sahəni - insan hüquqları, qanunun aliliyi, demokratiya və media azadlığının təmin edilməsi mövzularını əhatə edir.
M. Mard qeyd edib ki, Avropa İttifaqı və Avropa Şurası qeyd edilən sahələr üzrə Azərbaycanla uzunmüddətli əməkdaşlığı nəzərdə tutur: “Proqramın maliyyələşməsinə 30 milyon avro ayrılıb. Azərbaycanla bağlı layihələrin həyata keçirilməsi üçün isə 4,7 milyon avro nəzərdə tutulur. Layihə 90% Avropa İttifaqı, 10% Avropa Şurası tərəfindən maliyyələşdirilir”.