Dolların dünya ticarətində, eləcə də dünya ehtiyatlarının strukturundakı payı son 15 ildə 58 faizə düşüb. Bu, təqribən, 15 faiz azalma deməkdir.
QAZÌLER.AZ Axar az-a istinaden bildirir ki, bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov dolların dünya iqtisadiyyatında azalan payından danışarkən deyib.
O, bu göstəricinin olduqca böyük rəqəm olduğunu bildirib:
“Əslində, ABŞ iqtisadiyyatının dünya strukturundakı payı da kəskin şəkildə azalıb. Digər tərəfdən, dollar faktiki olaraq bütün dünyanın ticarətini və iqtisadiyyatını əhatə etdiyi üçün bu, Amerika iqtisadiyyatının özünün də real sektoruna mənfi təsir edib. Çünki Amerika iqtisadiyyatının əsas ixrac məhsulu real aktivlər, məhsullar deyil, dollar olmuşdu. Bu da ölkənin real sektorunun tənəzzülünə yol açdı. Yaranmış vəziyyət onu deməyə əsas vermir ki, dollar ümumiyyətlə dünya iqtisadiyyatından çəkiləcək. Düşünürəm ki, dünya iqtisadiyyatının regionlaşma prosesi sürətlə davam edəcək və dollar təmsil olunduğu bölgədə önəmli rol oynayacaq. Amma onun rolu dünya iqtisadiyyatında azalacaq”.
Ekspertin sözlərinə görə, dollara tələbin azalması əsas ehtiyat aktivi olan qızıla tələbatı artıracaq:
“Bu baxımdan, qızılın qiymətinin artması gözləniləndir. Qızılın qiymətinin artması isə onu deməyə əsas verir ki, ona edilən isvestisiyalar çoxalacaq. Söhbət ilk növbədə fiziki qızıldan gedir. Çünki elektron ticarət üzərindəki qızıl ilə fiziki qızıl başqa anlayışlardır. Fiziki qızılın həcmi isə məhduddur. Onu əldə etmək o qədər də asan deyil”.
O, regional hesablaşmalarda alternativ valyutaların payının artacağını bildirib:
“Dünya iqtisadiyyatında müxtəlif zonalar, o cümlədən valyuta zonaları formalaşacaq. Yəni hər zonaya aid hesablama valyutasının olması gözlənilir”.