Bu ilin yanvar-may ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4 faiz və 8,1 faiz artıb.
QAZÌLER.AZ Trend-ə istinaden bildirir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 94,0 milyon ton yük daşınıb. Yüklərin 3,6 faizi dəniz, 8,1 faizi dəmir yolu, 0,2 faizi hava, 57,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2 faiz artıb. Daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9 faiz təşkil edib.
Bundan başqa, bu ilin yanvar-may aylarında nəqliyyatçılar 802,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Qeyd edək ki, dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-may aylarında 7,7 milyon ton yük, 3268,8 min sərnişin daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,9 faiz, sərnişin daşınmasında isə 20,9 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 371 vaqon yüklənib, 422 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,2 min ton, Qərb istiqaməti üzrə 3,8 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib. Dəniz nəqliyyatı ilə bu ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 3337,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz azalıb. Yüklərin 50,0 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 5576,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4468,0 min tonunu və ya 80,1 faizini tranzit yüklər təşkil edib. 2024-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 280,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artaraq 10,9 min nəfər olub.
Avtomobil nəqliyyatı ilə 54,4 milyon ton yük, 702,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,7 faiz və 8,6 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 10,5 faiz, sərnişin dövriyyəsi isə 9,7 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 3,6 faiz artaraq 95,1 milyon nəfər olub. Hava nəqliyyatı ilə 1393,6 min və ya 44,2 faiz çox sərnişin daşınıb. Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 15,5 faiz artaraq 162,0 min ton olub.