Azərbaycan-Macarıstan biznes forumu keçirilib

Azərbaycan-Macarıstan biznes forumu keçirilib backend

Forumda ölkələr arasında ticarət və investisiya əlaqələrinin inkişafı imkanlarına dair fikir mübadiləsi aparılıb, B2B görüşlər keçirilib.

Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, su sənayesi, kənd təsərrüfatı, İKT, səhiyyə, avtomobil sənayesi, əczaçılıq, tikinti, maliyyə və digər sektorlarda fəaliyyət göstərən 50-dən çox şirkət iştirak edib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto biznes forumun açılışında iştirak ediblər.

Nazir Sahil Babayev Azərbaycan ilə Macarıstanın dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. O, 2023-cü ildə iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasının əlaqələrin ən yüksək səviyyəyə qalxmasına imkan yaratdığını bildirib.

Ölkələr arasında ticarət dövriyyəsinin 2024-cü ilin ilk iki ayında illik müqayisədə 40%-dən çox artdığını diqqətə çatdıran nazir strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmətə əsaslanan bu münasibətlərin ölkələrimizin iş adamları arasında da əlaqələrin genişlənməsinə şərait yaratdığını qeyd edib.

O, ötən dövrdə Bakı və Budapeştdə 20-yə yaxın biznes forum, işgüzar görüş və digər tədbirlərin keçirildiyini bildirib. Bugünkü forumda da Azərbaycandan 30-dan çox şirkət, Macarıstandan isə 25-ə yaxın şirkətin təmsil olunduğunu qeyd edib, biznes forumun təşkilatçılarına təşəkkür edib.

Nazir Peter Siyarto ölkəsi ilə Azərbaycanın əlaqələrinin daim inkişaf etməkdə olduğunu və iş adamları arasında əlaqələrin intensivləşdirilməsinin ikitərəfli əməkdaşlığın dərinləşməsində mühüm əhəmiyyət daşıdığını, keçirilən biznes forumların da bu məqsədə xidmət etdiyini bildirib.

Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin Macarıstan ilə əməkdaşlığından danışıb, Azərbaycanın investisiya potensialı, ölkəmizdə investorlar üçün yaradılan imtiyazlar haqqında məlumat verib. HEPA-nın Baş icraçı direktoru Qabor Cenei isə öz növbəsində, belə tədbirlərin təşkil olunmasının əhəmiyyətini və müsbət nəticələrinin əldə olunduğunu vurğulayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyətindən, iş adamları arasında əlaqələrin qurulmasına, birgə təşəbbüslərin reallaşdırılmasına xidmət edən dəstək tədbirlərindən bəhs edib.

Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib, tərəfdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

Diaspora