Vaşinqton Azərbaycan qazını Avropaya çıxarmaq üçün “desant” göndərdi

Vaşinqton Azərbaycan qazını Avropaya çıxarmaq üçün “desant” göndərdi backend

Azərbaycan qazının nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin bir hissəsi olan Yunanıstan-Bolqarıstan qaz kəməri (İGB) layihəsinə dair razılaşmanın yenidən təxirə salınması Amerika diplomatiyasını səfərbər edib. Virtualaz.org saytı Yunanıstanın “Katimerini” qəzetinə istinadən yazır ki, Birləşmiş Ştatlar dövlət katibinin xüsusi nümayəndəsi Amos Hokşteyn bu qaz kəməri layihəsinə dair danışıqlar aparmaq üçün Afinaya gedib.

İGB Transadriatik Qaz Kəmərinə (TAP) birləşərək Bolqarıstan üçün Rusiya qazına alternativ mənbə təşkil etməlidir. Bu kəmərlə ildə 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstana nəqli nəzərdə tutulur. Gələcəkdə kəməri Rumıniya və Macarıstana qədər uzatmaq planlaşdırılırdı.

İGB layihəsinə dair hökumətlərarası sazişin imzalanması bu ilin əvvəllərində bir neçə aylıq təxirə salınıb. Bu günlərdə sazişin yenidən təxirə düşdüyü məlum olub.

Bildirilir ki, bundan narahat olan Vaşinqton beynəlxalq energetika məsələləri üzrə koordinator və dövlət katibinin xüsusi elçisi Amos Hokşteyni Afinaya ezam edib. Diplomat bu gün səhər Yunanıstanın energetika naziri Panos Skorletislə görüşüb. Bunun ardınca Bolqarıstanın energetika naziri Petkovla üçtərəfli danışıqların olacağı gözlənilirdi.

Hokşteynin səfəri ABŞ dövlət katibi Con Kerrinin noyabrda Afinaya səfərinə hazırlıq da hesab edilir. Gözlənilir ki, Kerrinin səfərində əsas müzakirə mövzularından biri də İGB və TAP layihələri olacaq. Birləşmiş Ştatlar İGB layihəsinə Şərqi Avropa ölkələrinin Rusiyadan qaz asılılığını azaltmaq üçün mühüm alternativ kimi baxır. Bu, ABŞ-ın energetika diplomatiyasının gündəmində ön sıralarda olan məsələdir.

Kəmərlə Bolqarıstan və digər Şərqi Avropa ölkələri həm Azərbaycan qazını, həm də Yunanıstan qaz kəmərləri sisteminə birləşməklə bu ölkəyə nəql edilən sıxılmış qazı ala bilərlər. Avropa İttifaqı da bu layihəyə xüsusi önəm verir və onun maliyyələşdirilməsinə 45 milyon avro ayırıb.
Diaspora