SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və tərəfdaşları arasında Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunun işlənməsi üzrə müqavilənin imzalanması cari ilin sonunadək baş tutacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.Onun sözlərinə görə, SOCAR yeni müqavilə çərçivəsində AÇG layihəsində payını artıracaq.
Bununla belə, X.Yusifzadə Dövlət Neft Şirkətinin bu layihədə hansı paya iddia etdiyini açıqlamayıb: "Hazırda bu məsələyə baxılır".
AÇG blokunun işlənməsi üzrə cari müqavilənin qüvvədə olma vaxtı 2024-cü ilə başa çatacaq.
Vitse-prezident qeyd edib ki, müqavilə 2040-cı ilədək uzadılacaq: "Müqavilənin müddətinin 2060-cı ilədək uzadılması imkanı istisna deyil".
Qeyd edək ki, AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb.