Azərbaycanı da vuran qlobal böhranın səbəbi açıqlandı

Azərbaycanı da vuran qlobal böhranın səbəbi açıqlandı backend

Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan ölkələrə zərbə vuran neqativ qlobal iqtisadi proseslərin, yaxud yeni böhranın səbəbləri açıqlanıb. Virtualaz.org saytı xəbər verir ki, ABŞ-ın “Goldman Sachs” bankının analitiklər qrupu indiki böhranın əslində 2008-ci ildə baş verən qlobal maliyyə böhranının nəticəsi olduğunu müəyyən ediblər. Analitiklər bildirir ki, hazırda baş verənlər qlobal maliyyə böhranının üçüncü fazasıdır. Bu, xammal qiymətlərinin kəskin aşağı düşməsi, Çin də daxil olmaqla inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımının yavaşıması, qlobal miqyasda aşağı inflyasiya ilə özünü göstərir. Araşdırmanı dünya fond bazarları üzrə baş strateji analitik Piter Oppenqeymerin başçılıq etdiyi qrup aparıb. “The Business İnsider” jurnalının araşdırmanın nəticələrinə istinadən yazdığına görə, üçqat effekt böhranın ilk iki dalğasının - bankların çökməsinin və Avropada suveren borc böhranının təsiri nəticəsində baş verir. Habelə indiki böhranda son bir neçə onillik boyu hökm sürən borc superdövrəsinin rolu var.

Analitiklərə görə, hadisələr aşağıdakı ssenari üzrə cərəyan edib: ilk iki borc böhranı dövründə mərkəzi banklar bir-birinin ardınca uçot dərəcələrini aşağı salıblar. Bu da ona gətirib çıxarıb ki, investorlar Çin də daxil olmaqla inkişaf etməkdə olan bazarları kreditləşdirməyə, bunun əvəzində yaxşı qazanc gözləməyə başlayıblar.

İndi isə faiz dərəcələrinin artması gözləntiləri qarşısında kreditorlar inkişaf etməkdə olan bazarlara marağı itiriblər, investorlar isə əllərindəki xammal aktivlərini satmağa başlayıblar. Hansı ki, bu aktivlər inkişaf etməkdə olan ölkələrin taleyi ilə sıx bağlıdır.

Analitiklərin bildirdiyinə görə, borc istiqrazları üzrə gəlirlilik səviyyəsinin sıfra yaxın olduğu, əsas stavkaların isə tarixi minimum səviyyəsinə endiyi bir vaxtda faktorların bu cür ekstraordinar şəkildə üst-üstə düşməsi maliyyə gəlirlərinin dayanıqlığı ilə bağlı narahatlıqları artırıb. Xüsusən də deflyasiyanın artmaqda olduğu bir vaxtda...



Lakin inkişaf etmiş ölkələrin mərkəzi bankları faiz dərəcələrinin artırılması haqda danışmağa başlayanda bu, məzənnələrin və dövlət istiqrazları da daxil olmaqla digər təhlükəsiz aktivlərin artmasına səbəb olacaq.

Belə situasiyada kredit investorlarının layiqli gəlir əldə etməyə görə risk etmək üçün daha az stimulu olacaq və onlar öz pullarını inkişaf etməkdə olan bazarlardan çıxaracaqlar. Nəticədə bu regionların şirkətləri öz borclarına xidmət etməkdə çətinlik çəkəcək və iri layihələrinə pul tapa bilməyəcəklər. Bu da dünya iqtisadiyyatının yavaşımasına səbəb olacaq.

Beləliklə, analitiklərin qənaətinə görə, böhranın müxtəlif mərhələləri iqtisadiyyatı sağlamlaşdırmağa əngəl törətməklə bir-biri ilə qarşılıqlı əlaqədədir. Bu isə o deməkdir ki, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi böhran Avropa İttifaqını da pis məqamda yaxalayıb.

Eynilə 2010-2011-ci illərdə Avropa İttifaqı ölkələrindəki suveren borc böhranı ABŞ iqtisadiyyatının bərpasına mane olmuşdu.

“Goldman Sachs” analitikləri qeyd edirlər ki, hazırda 2008-ci ildə baş verən maliyyə böhranının final mərhələsi müşahidə olunsa da bu böhran tezliklə bitməyəcək, inkişaf etməkdə olan bazarların bütün artıq kreditlərdən yaxa qurtarmasına və ziyan çəkməsinə qədər davam edəcək.
Diaspora