“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, əhali kateqoriyasına aid istehlakçılarının mənzillərindəki istismar müddətini başa vurmuş mexaniki sayğaclar yeni “smart-kart” tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri görülür.İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə bu ilin 9 ayı ərzində 9 218 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 419 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-sentyabr ayları ərzində 217 yaşayış məntəqəsinə təbii qaz verilib.
Bu il oktyabrın 1-ə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 mln. 767 min 919-a çatıb.