Oktyabr ayında dünya üzrə smartfon satışı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı hesabatı bu günlərdə “Counterpoint Research” araşdırma şirkəti dərc edib.
Hesabata əsasən, bu, 2021-ci ilin iyunundan bəri ilk aylıq artımdır. Bu dövrə qədər isə smartfonların satışı ardıcıl olaraq, 27 ay ərzində azalmağa doğru gedib.
Şirkətin yaydığı məlumata görə, satışlar telefon dəstlərinin ehtiyat hissələrinin çatışmaması, makroiqtisadi qeyri-müəyyənlik və əvvəlkinə nisbətən istehlakçıların öz smartfonlarını çox gec müddətdən sonra yeniləmələri ilə əlaqədar azalıb.
Satışların cari dövrdə bir qədər artması amillərinə isə “Counterpoint Research” şirkətinin analitikləri inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Afrika və Yaxın Şərqdə satışların səviyyəsinin bərpa olunması, sentyabrda yeni “iPhone 15”in və “Huawei Mate 60 Pro”nun flaqman modelinin buraxılmasının səbəb olduğunu deyirlər.
“Oktyabr ayındakı sabit artımdan sonra satış bazarının ilin dördüncü rübündə də böyüyəcəyini və növbəti rüblərdə tədricən bərpa olunacağını gözləyirik”, – deyə analitiklər bildiriblər.
Şirkətin məlumatına əsasən, oktyabr ayında smartfonların dünya bazarındakı liderliyini 20 faiz satışla “Samsung” firması qoruyub saxlamaqda davam edir. Sonrakı yerləri Apple (16%), Xiaomi (12%), Oppo (10%) və Vivo (8%) tutur.