QAZİLER.AZ saytı AzərTac-a istinadən bildirir ki, yanvarın 24-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10,95 ton məhsul, o cümlədən 0,3 ton ət, 0,2 ton ağartı, 3,5 ton tərəvəz, 3 ton meyvə və s. təklif olunurdu.Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Yarmarkada badımcan 1 manat 80 qəpiyə - 2 manata, kartof 70-90, soğan 35-50 qəpiyə təklif edilirdi. Burada, həmçinin qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata, yumurtanın 1 ədədi 9-10 qəpiyə satılırdı.
Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə Sabirabad, Quba, Göyçay, Gədəbəy, Kürdəmir, Bərdə, Xaçmaz rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 140,6 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər kənd nemətləri çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Arzu Hüseynov məlumat verdi ki, yarmarkada mövsümə uyğun bütün növ kənd təsərrüfatı məhsulları vardır. Buradakı məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır.
Yarmarkaya daxil olan məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nəzarət tərəzisi qoyulub, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 17,7 ton kənd təsərrüfatı məhsulu çıxarılmışdı.
Yarmarkada alıcılara bol kartof, soğan, qoz, fındıq, şabalıd, alma, nar, heyva, naringi və s. meyvə-tərəvəzlər təklif edilirdi.
Yarmarkada kələmin kiloqramını 60 qəpiyə təklif edən ağdaşlı torpaq mülkiyyətçisi Musa Nəbiyev deyir ki, bir neçə ildir pay torpağımda yetişdirdiyim məhsulu burada satıram. Yaradılmış şəraitə görə o, digər bazarlara deyil, məhz bura üz tutduğunu bildirdi. Onun sözlərinə görə, son 2 ayda burada 4 tona yaxın kələm satıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev məlumat verdi ki, yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılıb, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilib.
Qəsəbə sakinləri təklif edilən məhsulları həvəslə alırdılar.
Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda-“Günəş” ticarət mərkəzində (10,9 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (1,5
ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından, ümumilikdə, 12,4 ton məhsul çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada mövsümi kənd nemətlərindən göyərti, kartof, soğan, badımcan, kələm, alma, armud, nar, heyva, xurma, balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Şənbə günü Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 295 ton meyvə-tərəvəz, ət və ağartı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İsmayıl Sərdarlı məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-25 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.
İsmayıl Sərdarlı bildirdi ki, yarmarkada qoyun ətinin kiloqramı 5 manat - 5 manat 50 qəpik, mal əti 4 manat 50 qəpik - 5 manata, quş əti 2 manat 20 qəpik - 4 manata, üzüm 2 manat – 2 manat 50 qəpiyə, pomidor 80 qəpik – 2 manata, heyva 60 qəpik - 1 manata, armud 1-2 manata, naringi 70 qəpik – 1 manat 30 qəpiyə, nar 1 manat -1 manat 80 qəpiyə, yerkökü 50 – 90 qəpiyə, xiyar 1 manat 80 qəpik - 2 manata, çuğundur 40-80, alma – 35–80, kartof 70-90, soğan 40-90, kələm 50-70, balqabaq 50-60 qəpiyə, yumurtanın biri isə 6-11 qəpiyə təklif olunur.
Şəhər sakinləri yarmarkada yaradılan şəraitdən və məhsul bolluğundan razıdırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından 48 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən isə 4,5 min ədəd yumurta gətirilib.
Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun tərəvəzlərdən kələm, kartof, soğan, yerkökü, çuğundur, meyvələrdən alma, armud, heyva, nar, xurma, əzgil, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada bol meyvə-tərəvəz, süd və bostan məhsulları nəzərə çarpırdı. Alıcılar burada bazarlıq etməyin əlverişli olduğunu bildirirdilər. Goranboy, Ağstafa, Bərdə, Siyəzən və digər rayonlardan gətirilmiş məhsullar bazarlardakından 20-30 faiz ucuz qiymətlərə satılırdı.
Şəhər sakinləri burada kartofun kiloqramını 40-90, kələmi 40-60, soğanı 30-40, çuğunduru 50-60, yerkökünü 60-70 qəpiyə ala bilirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, şənbə günü yarmarkaya 27,3 ton meyvə-tərəvəz və ağartı məhsulları çıxarılıb.