Türkiyənin “Turan Teknoloji Anonim Şirketi” (Turan) ödəniş sistemi noyabr ayında Türkiyədən Mərkəzi Asiya ölkələrinə pul köçürmələrinə start verməyi planlaşdırır.
Bu barədə Trend-ə "United Payment" MMC-nin baş direktoru Edqar Abdullayev deyib.
"Turan Mərkəzi Asiya ölkələrinə vəsait göndərmək istəyən müştərilər üçün yeni imkanlar təqdim edəcək. Bu addım şirkətin qlobal şəbəkəsini genişləndirmək və müştərilərin rahat və təhlükəsiz pul əməliyyatları üçün tələblərini ödəmək öhdəliyini əks etdirir. Biz müştərilərimizə Mərkəzi Asiya ölkələrinə pul göndərmək imkanı təklif etməkdən qürur duyuruq. Məqsədimiz hər bir əməliyyatda sadəlik və rahatlıq təmin edərək, köçürmə prosesini müştərilərimiz üçün mümkün qədər sadə etməkdir", - deyə o əlavə edib.
Qeyd edək ki, hazırda Türkiyənin “Turan Teknoloji Anonim Şirketi” (Turan) ödəniş sistemi vasitəsilə Azərbaycana pul köçürmələri uğurla həyata keçirilir. Aylıq köçürmələr təxminən 9,5 milyon türk lirəsi təşkil edir. Turan oktyabrda bu rəqəmi 10 milyon lirəyə, 2024-cü ildə isə ayda 37,5 milyon lirəyə çatdırmağı hədəfləyir.
"Turan" ödəniş sisteminin hazırda 120 mindən çox aktiv istifadəçisi var. Ayda 700 mindən çox əməliyyat həyata keçirilir.