Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi istiqamətində Rusiya ilə aparılan danışıqlarda texniki məsələlərin 70 faizi razılaşdırılıb.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu sözləri İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı dövlət şirkətinin icraçı direktoru Xeyrulla Xademi deyib. O bildirib ki, yolun tikintisinin maliyyələşmə qrafiki, yük daşıma imkanının artırılması, stansiyaların inşası, istismarın qaydaları haqqında Rusiya ilə razılıq əldə olunaraq sənəd imzalanıb.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara yolu Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun davamıdır. Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək bu dəhlizin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq. Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq.
Nəzərə çatdıraq ki, Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin formalaşmasında tranzit ölkə kimi əsas rol oynayan ölkədir. Bu Dəhlizin Azərbaycan üzərindən keçməsini nəzərə alan dövlət böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən quruldu. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verildi, Astaraçay üzərində yeni avtomobil körpüsünü tikintisi artıq başa çatıb və yaxın günlərdə hər iki dövlət rəsmilərinin iştirakı ilə istismara veriləcək. Bütün bunlarla yanaşı Azərbaycan Dövlət Dəmir Yolları QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir.
Azərbaycanın hələ SSRİ dövründən Rusiya ilə dəmir və avtomobil yollarına malik olması onun tranzit imkanlarını səmərəli edib. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə ölkəmizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması prosesinə cəlb etməsi onun uzaqgörən strateji siyasi xəttindən xəbər verirdi. Mütəxəssislərin hesablamalarına əsasən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi fəaliyyətə başladıqdan sonra Azərbaycan ildə 2,5-3 milyard dollar tranzit gəlir əldə edəcək