Əsaslı şəkildə yenidən qurulan və 2018-ci ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyasında bir neçə ildir ki, tut ipəkqurdu cins və hibridlərinin yüksəkkeyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Əsas məqsəd kümçüləri ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etmək, xaricdən asılılığı azaltmaqdır. 2022-ci ildə stansiyada builki mövsüm üçün yerli istehsal hesabına 65,4 kiloqram, yəni 2255 qutu elit və sənaye tut ipəkqurdu toxumu hazırlanıb və inkubasiya olunaraq mayda kümçülərə paylanılıb. 2023-cü ildə isə stansiyada 3 min qutu elit və sənaye tut ipəkqurdunun hazırlanması nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri Qax Damazlıq İpəkçilik Stansiyasında olub, gələn il yerli istehsal hesabına kümçülərə paylanılacaq ipəkqurdu toxumunun hazırlanması prosesi ilə maraqlanıb.
Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, növbəti il üçün yüksək keyfiyyətli tut ipəkqurdu toxumu hazırlamaq məqsədilə stansiyada yaş barama tədarükü dövründə damazlıq barama seçilib. Hazırlanmış toxum qışlama dövrü keçirdikdən sonra növbəti mövsümdə kümçülərə paylanılır.
Stansiyanın direktoru deyib: “Mikroskopik müayinə uzun sürən prosesdir və 3 ayadək davam edəcək. Builki məhsuldan 65 min torba toxum götürülüb. Bu torbaların hamısı tək-tək açılaraq müayinədən keçirilməlidir. Torbaların hər birindən 1-1,3 qram toxum götürmək mümkündür. Yəni, bu il stansiyada 80-85 kiloqram və ya 3 min qutu ipəkqurdu toxumu istehsal etmək nəzərdə tutulur”.
Müəssisə rəhbəri bildirib ki, dekabrın əvvəlində toxum qışlama üçün soyuducuya qoyulacaq. Qışlama dövründə toxum soyuducuda müsbət 4-5 dərəcə tempraturda saxlanılacaq. Mövsüm vaxtı toxum inkubasiya kamerasına qoyularaq 24 dərəcə tempraturda dirildiləcək və kümçülərə paylanılacaq.