Sentyabrın 22-nə olan məlumatlara əsasən, neftin qiyməti bahalaşıb. ANS PRESS-in məlumatına görə, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti təxminən 1 faiz bahalaşaraq 48,39 dollar olub.Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə təxminən 0,90 dollar bahalaşaraq 46,08 dollara çatıb.
London birjasında "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,55 dollar bahalaşaraq 49,67 dollar təşkil edib.Dünya bazarında "qara qızıl"ın qiyməti az da olsa bahalaşsa da, "Wood Mackenzie"nin analitiklərinin fikrincə, bir barrelin dəyərinin aşağı olması bu sektorda dünya üzrə 1,5 trilyon dollar dəyərində olan potensial layihələr üçün təhlükə yaradır.
Onlar son bir ildə 50 faizədək aşağı düşən neft qiymətlərinin bir çox beynəlxalq şirkətlərin xərcləri azaltmasına və yeni layihələrin təxirə salınmasına gətirib çıxardığını bildiriblər. Təxminən 1,5 trilyon dollar dəyərində olan həmin layihələrin həyata keçirilməsi üçün isə neftin bir barrelinin qiyməti 50 dollar səviyyəsində olmalıdır.
Bununla belə Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev neftin qiymətinin aşağı olmasına baxmayaraq, Azərbaycanın heç bir layihəni təxirə salmadığını bildirib.
"Qiymətlərin aşağı düşməsinə baxmayaraq, biz layihələrimizi gecikdirmirik. SOCAR-ın həyata keçirdiyi Neft-Qaz Emalı və Neft Kimya Kompleksinin tikintisi üçün işlər aparılır. Neft emalı zavodlarının modernizasiyasına ilin sonunda başlanılacaq. Modernizasiya ilə neft emalını 7,5 milyon tona çatdıracağıq. Maliyyə çətinliyi olan vaxtda SOCAR Polimer zavodu layihəsini həyata keçirir. 2017-ci ildə polietilen, polipropilen istehsal edən müəssisə işə salınacaq. Çətin dövrə baxmayaraq layihələrimizi davam etdiririk", - deyə o əlavə edib.