Beynəlxalq Əmək Təşkilatı (BƏT) xəbərdarlıq edib ki, bir-birini gücləndirən böhranlar və artan borclar kasıb və zəngin ölkələr arasında məşğulluq uçurumunu və bərabərsizlikləri daha da böyüdür.
Qaziler.az xəbər verir ki, bu haqda məlumat təşkilatın “11-ci Biznes Monitorinqi Hesabatı”nda dərc edilib.
Hesabata görə, ölkələrin artan borc səviyyələri və müxtəlif böhranlar inkişaf etməkdə olan ölkələrə qeyri-mütənasib şəkildə təsir edir, zəngin və kasıb ölkələr arasında qlobal məşğulluq fərqini daha da pisləşdirir. Bu hal COVID-19 pandemiyası ilə daha da şiddətlənən mövcud bərabərsizlikləri artırır.
Qlobal işsizliyin 2023-cü ildə pandemiyadan əvvəlki səviyyədən aşağı düşərək 191 milyon nəfərə düşəcəyi gözlənilsə də, proqnozlar aşağı gəlirli ölkələrin bərpa prosesində çox geridə qaldığını göstərir. BƏT hesab edir ki, Afrika və Ərəb bölgəsindəki aşağı gəlirli ölkələrin bu il pandemiyadan əvvəlki işsizlik səviyyəsinə çatmaq ehtimalı azdır.
Şimali Afrika üçün 2023-cü ildə işsizlik səviyyəsi 11,2 faiz (2019-cu ildə 10,9 faiz), Sub-Sahara Afrikası üçün 6,3 faiz (2019-cu ildə 5,7 faiz) və ərəb ölkələri üçün 9, 3 faizdir. (2019-cu ildə 8,7 idi).
Digər bölgələr işsizlik səviyyəsini böhrandan əvvəlki səviyyədən əhəmiyyətli dərəcədə aşağı salmağı bacarıb, Latın Amerikası və Karib hövzəsi ölkələrində 6,7 faiz (2019-cu ildə 8 faiz), Şimali, Cənubi və Qərbi Avropada isə 6,3 faiz (2019-cu ildə 7 faiz) qalıb.
QAZİLER.AZ