Cari ilin ilk dörd ayında İtaliya “Qazprom”dan 1,5 milyard kubmetr qaz alıb və idxal 2022-ci ilin eyni dövrü ilə müqayisədə 75 faizdən çox azalıb.
AZƏRTAC xəbər verir ki, İtaliya Rusiya qazını Azərbaycan, Niderland, Norveç, Əlcəzair kimi alternativ təchizatçılar, eləcə də ABŞ və Misirdən gələn LNG ilə əvəz edib.
Avropa ölkələrinin enerji təchizatında etibarlı mənbə olan Azərbaycan TAP boru kəməri sayəsində İtaliyanın təbii qaz istehlakının 15 faizini təmin edir. Bu ilin yanvar-aprel aylarında İtaliya TAP vasitəsilə 3 milyard kubmetrdən çox Azərbaycan qazı alıb. Ötən il isə TAP ilə İtaliyaya qaz tədarükü 10 milyard kubmetri ötüb.
Hazırda ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan TAP-ın gücünün mərhələli şəkildə illik 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. 2026-cı ildən etibarən boru kəməri vasitəsilə ildə 1,2 milyard kubmetr əlavə qazın tədarükü mümkün olacaq.
Qeyd edək ki, İtaliya təxminən il yarım ərzində təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsində inqilab edib. Belə ki, Rusiya artıq İtaliyanın birinci deyil, beşinci qaz tədarükçüsünə çevrilib. İtaliya Rusiya-Ukrayna müharibəsindən əvvəl Avropada Almaniyadan sonra Rusiya qazının idxalından ən çox asılı olan ölkə idi. Rusiya 2021-ci ildə İtaliyanın təbii qaz idxalının 40 faizdən çoxunu təmin etmişdi.