Neftçilərə yeni mənzillər verilib

Neftçilərə yeni mənzillər verilib backend

SOCAR prezidenti Rövnəq Abdullayev neftçilərə yeni mənzillərin orderlərini təqdim edib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, “Neftçilər günü” ərəfəsində, sentyabrın 18-də R.Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Bakının Qaradağ rayonu, Sahil qəsəbəsi Emin Quliyev prospektində tikilmiş 2 yeni yaşayış binasının istifadəyə verilməsi ilə bağlı keçirilən təntənəli mərasimdə iştirak ediblər.

SOCAR prezidentinə məlumat verilib ki, istifadəyə verilən 1 ədəd 2 bloklu və 1 ədəd 1 bloklu yeni yaşayış binaları 12 mərtəbədən, mansarddan və ümumilikdə 204 mənzildən ibarətdir. Bina bütün kommunal xidmətlərlə təchiz edilib. Ümumi sahəsi 14 109,5 kvadrat metr ərazini əhatə edən binaların yaşayış sahəsi 8235,9 kvadrat metrdir. Bundan başqa, 1 bloklu binanın birinci mərtəbəsində 505,2 kvadrat metr, 2 bloklu binada isə 963,6 kvadrat metrlik qeyri-yaşayış sahəsi də var. Binalarda 24 ədəd birotaqlı, 132 ədəd ikiotaqlı, 36 ədəd və 12 ədəd dördotaqlı mənzil var.

Qeyd olunub ki, binaların eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdərəsi ilə razılaşdırılıb, inşaat işlərinə isə Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında 2014-cü il yanvar ayından başlanılıb. Binalarda istilik sistemi mərkəzləşmiş qazanxana vasitəsi ilə həyata keçirilir. Ərazidə 2 ədəd 300 kubmetrlik tutuma malik hovuz tikilib ki, bu da sakinlərin daimi olaraq isti və soyuq su ilə təchizatına zəmin yaradır. Binalarda Cənubi Koreya istehsalı olan yük və sərnişin liftləri quraşdırılıb. İnşaat işlərinin podradçısı isə “Tikinti - Quraşdırma ANKZ-2” Açıq Səhmdar Cəmiyyətidir. Binaların ətrafı abadlaşdırılıb, sakinlərin səmərəli istirahətinin təşkili üçün hər cür şərait yaradılıb.

Sakinlər qarşısında çıxış edən SOCAR prezidenti R.Abdullayev əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən tərəqqi strategiyasının Azərbaycana möhtəşəm qələbələr bəxş etdiyini söyləyib, qarşıdan gələn “Neftçilər günü” münasibətilə çoxminli neftçilər ordusunu, bütünlüklə Azərbaycan xalqını təbrik edib. O, SOCAR-ın idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində olduğunu bildirib, bu sahədə mühüm sosial proqramların həyata keçirildiyini vurğulayıb.

Daha sonra R.Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, onu müşayiət edən şəxslərlə birlikdə mənzilləri gəzib, neftçilərin yaşayışı üçün yaradılmış şəraitlə tanış olub. Neftçilərə order və açarları təqdim edən SOCAR prezidenti onlara yeni mənzillərində firavan həyat arzulayıb. Yeni binanın sakinləri adından çıxış edənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Diaspora