Xüsusi karantin rejimi ilə bağlı quru sərhədlərin bağlı olması ölkəyə turist axınının azalmasına səbəb olub.
Trend-in məlumatına görə, bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Turizm biznesi: Mövcud vəziyyət və perspektivlər" mövzusunda Bakıda keçirilən ictimai müzakirədə deyib.
"Eyni zamanda, müvafiq məhdudiyyət daxili turizmin inkişaf etdirilməsi üçün müsbət zəmin yaradır. Bu səbəbdən daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etmək üçün aidiyyəti qurumlar və özəl sektor tərəfindən müvafiq tədbirlər görülməlidir. Lakin bütün hallarda müvafiq istiqamətdə məhdudiyyətlərin tam aradan qalxması turizm sektorunun daha sürətli inkişafına və bu sahədə gəlirlərin artımına səbəb olacaqdır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə yeni ağıllı kəndlər salınır. Bu ərazilərdə ağıllı və icma əsaslı fəaliyyətlərin yaradılması turizmin formalaşması üçün şərait yaradır", - deyə O.Məmmədov əlavə edib.