Bu yaxınlarda ilk dəfə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan nefti özünün Slovakiyadakı "Slovnaft" neft emalı zavoduna tədarük edən Macarıstanın "MOL Group" şirkəti "Azeri Light" neftini müntəzəm olaraq emal edə bilər.
Bu barədə "Slovnaft"dan Trend-in sorğusuna cavab olaraq bildiriblər.
"Bu, birdəfəlik çatdırılma idi, lakin onu müntəzəm etmək imkanı var. Artıq şirkət qərar verə bilər ki, özünün AÇG yatağında hasil olunan xam neft payını satsın və ya onu özünün neft emalı zavoduna nəql etsin. Bu da Slovakiyada, həmçinin şirkətin əsasən fəaliyyət göstərdiyi regionda tədarüklərin etibarlılığını artırır", - "Slovnaft"dan deyiblər.
Qeyd olunub ki, bu şirkətin xam neft tədarüklərinin çevikliliyinin artırılması səylərində mühüm bir addımdır.
"Bundan başqa, Türkiyədə Ceyhan limanından Xorvatiyada Omişal limanına "Seavelvet" tankerinin gəlməsi, daha sonra 90 min ton xam neftin "Adria" boru kəməri ilə Bratislavaya nəqli "MOL Group"un uğur tarixçəsidir. Bu özlüyündə dəyər formalaşması zəncirinin kompleks inteqrasiyasını əks etdirir, belə ki, şirkət pay sahibi olduğu yataqda hasil olunan xam neftdən istifadə etməklə özünün neft emalı zavodlarından birində istehsal olunan neft məhsullarını emal edəcək və satacaq. Neft Bakı yaxınlığındakı Səngəçal neft terminalından Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "MOL Group"un da pay sahibi olduğu Ceyhana nəql olunur", - "Slovnaft"dan bildiriblər.
"Azeri Light" neftindən istifadə etməklə neft məhsullarının sınaq istehsalı apreldə başlayacaq.
Qeyd edək ki, "MOL" "Azəri-Çıraq-Günəşli" blokunda səhmlərin 9,57%-nə sahibdir.
bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.
AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.