“Yardımların pensiya məbləğinə əlavə olunmasından sonra indeksasiyanın aparılması artıq reallaşmaqdadır. Dövlət Statistika Komitəsi bu gün 2022-ci ildə orta aylıq əməkhaqqının artım faizini elan edib. Bütün növ əmək pensiyalarında 14,7% artım olacaq. Ölkə Prezidenti tərəfindən sərəncam imzalandıqdan sonra pensiyalardakı artım reallaşacaq”.
Qaziler.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.
Deputat bildirib ki, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım faizinə uyğun artırılmasını nəzərdə tutur.
“Ötən il pensiyası 300 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq: 316,7 manat X indeksasiya faizi = yeni pensiya artımı. Yəni 316,7 manat x 14,7 faiz = 46.55 manat. Bizim nümunədə 300 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği belə olacaq: 300 manat + 16,7 manat + 46,55 manat = 363,25 manat. Bu artım hər ay ödəniləcək.
Əvvəllər də qeyd etdiyimiz kimi, 2022-ci ildə orta aylıq əməkhaqqının artımla bağlı rəsmi statistika fevralda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılır. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Bu, o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16,7 manat + 46,55 manat (yanvar üzrə indeksasiya artımı) + 46,55 manat (fevral üzrə indeksasiya artımı) = 409,8 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği fevral ayında 409,8 manat, mart ayından etibarən isə yenidən 363,25 manat alacaq.
Qanunvericiliyə edilən dəyişikliklərdən sonra bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiyalarında artım hesablanacaq”, - deyə Vüqar Bayramov qeyd edib.