Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbərini qəbul edib. Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 9-da maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Samir Şərifov AİB-nın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Norojononu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Son illərdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan S.Şərifov bunun bariz nümunəsi kimi AİB Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının bu ilin may ayında Bakı şəhərində keçirildiyini xatırladıb. Nazir O.Norojononun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirmiş, ölkəmizlə AİB arasında əməkdaşlığın genişləndirilməsi işindəki xidmətlərini qeyd edərək gələcək fəaliyyətində uğurlar arzulayıb.Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən O.Norojono etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, bu il Azərbaycanın AİB Rəhbərlər Şurasının 48-ci İllik Toplantısına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq bu toplantının hələ uzun illər xatırlanacağını qeyd edib.
O.Norojono fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib.