Azərbaycan Mərkəzi Bankı (AMB) “Banklar haqqında” qanunun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı filialına verilmiş 30 iyun 2005-ci il tarixli bank lisenziyasını ləğv edib.
Qaziler.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu qərar Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib.
Lisenziyanın könüllü ləğvinə dair qərar qəbul edilərkən filialın ləğvetmə planı və təqdim edilmiş maliyyə hesabatları əsasında öhdəliklərinin icrası imkanlarının olması nəzərə alınıb. Belə ki, 30.09.2022-ci il tarixinə Filialın likvid aktivləri (6,7 milyon manat) cəmi öhdəliklərini (0,5 milyon manat) dəfələrlə üstələyir. Filialın ləğvedicisi (Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed) qanunvericiliyə və filialın ləğvetmə planına müvafiq olaraq könüllü ləğv prosesini, o cümlədən kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirəcək. AMB qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində ləğvetmə prosesi üzrə nəzarət edəcək.