Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olan rusiyalı biznesmen German Sterliqov dünən axşam Moskvada saxlanılıb, bir neçə saat sonra isə sərbəst buraxılıb.
APA TV-nin məlumatına görə, Azərbaycanda barəsində axtarış elan edilmiş iş adamını Rusiya paytaxtının "Domodedovo" hava limanında saxlayıblar. Onun vəkili Artur Ayrapetov deyib ki, German Sterliqovun saxlanılması Azərbaycanın onun barəsində elan etdiyi beynəlxalq axtarışla əlaqədar olub.
Rusiya Federal Təhlükəsizlik Bürosunun sərhəd xidməti biznesmeni sərhədi keçərkən saxlayıb. Bir neçə saat prokurorluq, polis və Federal Təhlükəsizlik Bürosu əməkdaşları tərəfindən dindirilən Rusiya vətəndaşı German Sterliqov daha sonra azad edilib.
Qeyd edək ki, Azərbaycan G.Sterliqovu iyulun 28-də İnterpol xətti ilə axtarışa verib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və digərlərinin Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlmələri və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından, 28 iyul 2015-ci il tarixdə German Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Lakin rusiyalı iş adamının vəkili Artur Ayrapetov avqustun 23-də bildirib ki, İnterpol avqustun 21-dən etibarən German Sterliqovun axtarışını dayandırıb.