İnkişaf etməkdə olan ölkələrin dörddə bir trilyon dollarlıq borc yükü var. Bu, dünyanın tarixi defolt zəncirinə sürüklənmə riskini göstərir.
Teleqraf.com “Bloomberg”in hesabatına istinadən xəbər verir ki, problemli səviyyədə ticarət edən və ağır xarici borcu olan bazarların sayı son altı ayda iki dəfədən çox artıb.
Nəşr edilmiş siyahıya əsasən, defolt riski ən yüksək olan ilk 5 ölkə müvafiq olaraq - Salvador, Qana, Tunis, Pakistan və Misirdir.
İnkişaf etmiş bazarlarda əcnəbilərin saxladıqları 237 milyard dollarlıq istiqrazların ödənişi təhlükə altındadır. Bu, inkişaf etməkdə olan bazarların 1,4 trilyon dollarlıq borcunun 17 faizinə bərabərdir. Ərzaq və enerji xərclərinin artması səbəbindən bütün dünyada siyasi böhranlar yaşansa da, mövcud vəziyyət Qana və Misir kimi yüksək borcu olan ölkələrdə gözlənilən istiqraz ödənişlərinə kölgə salır.
Hesabata görə, Rusiya-Ukrayna müharibəsi əmtəə qiymətlərinə təzyiqini davam etdirir. Bundan əlavə, qlobal faiz dərəcələri yüksəldikcə və ABŞ dolları gücünü nümayiş etdirməyə davam etdikcə bəzi ölkələr üçün borc yükünün dözülməz olacağı ehtimal edilir.