Azərbaycanda Aİ-95 markalı benzin istehsal olunacaq

Azərbaycanda Aİ-95 markalı benzin istehsal olunacaq backend

SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) “AVRO-5” standartına uyğun olan benzinin istehsalına başlanılması 2023-cü ili iyun-iyul aylarına planlaşdırılıb.

APA-Economics” xəbər verir ki, bu barədə “SOCAR Downstream” şirkətinin baş direktorunun müavini Emil Alxaslı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu ilin üçüncü rübündə “AVRO-5” standartına uyğun olan dizel yanacağının istehsalına başlamaq planlaşdırılır: “Rekonstruksiya və modernləşdirmə layihəsi çərçivəsində işlər hazırda qurğuların işə salınması səviyyəsindədir”.

Şirkət rəsmisi onu da əlavə edib ki, ilk növbədə hidrogen qurğusu işə salınacaq, daha sonra isə mərhələli şəkildə digər qurğuların işə salınması həyata keçiriləcək və bu proses gələn ilin ortalarınadək davam edəcək. Hidrogen qurğusu dizel yanacağının və benzinin təmizlənməsi üçün lazımdır.

O qeyd edib ki, nəticədə zavodda ildə 2 mln. ton avtomobil benzini istehsal ediləcək. Bu həcmlərin 60%-i Aİ-92 markalı benzinin, 40%-i isə Aİ-95 markalı benzinin payına düşəcək.

Emil Alxaslı vurğulayıb ki, rekonstruksiya və modernləşdirmə işlərinin əsas məqsədlərindən biri ölkənin benzin və dizelə olan tələbatını 2040-cı ilədək tam ödəməkdir. Artıq qalan yanacaq həcmləri ixraca yönəldiləcək.

Direktor müavini onu da bildirib ki, rekonstruksiya və modernləşdirmə layihəsinin birinci mərhələsi 2023-cü ildə bitəcək, ikinci mərhələnin başa çatması isə 2027-ci ilin axırınadək planlaşdırılır. Layihənin nəticəsində NEZ bütün Xəzər dənizi ölkələrinin neftini emal edə biləcək.

Qeyd edək ki, NEZ-in illik emal gücü 6,5 mln. ton təşkil edir.

Diaspora