Azərbaycanda Aİ ölkələrinin tələbatını ödəmək üçün kifayət qədər qaz ehtiyatı var.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
Onun sözlərinə görə, mayeləşdirilmiş təbii qaz nəqli üçün indiki infrastruktur lazımi həcmdə qaz tədarükünə imkan vermir.
"Son illərdə bu sektora investisiyalar neft sahəsindən daha az olub. Ölkəmizdə Aİ ölkələrinin tələbatını ödəmək üçün kifayət qədər qaz ehtiyatı var, amma infrastruktur lazımi həcmdə qaz tədarük etməyə imkan vermir. Ölkəmizin boru kəməri infrastrukturunun genişləndirilməsi və investisiyalar üçün maliyyə təşkilatlarının cəlb olunması üzrə işlər aparılır", - deyə o bildirib.
O əlavə edib ki, növbəti illərdə təbii qaza tələb artacaq.
"SOCAR öz tərəfdaşları ilə birgə təbii qaz hasilatını artıracaq. Bizim planlarımız var və bu istiqamətdə danışıqlar, texniki işlər aparılır", - R.Nəcəf deyib.
SOCAR rəhbəri xatırladıb ki, şirkətdə "yaşıl" enerji istiqamətində transformasiya prosesi 2021-ci ildə başlayıb və 2035-ci ilədək müvafiq proqram hazırlanıb.
"Biz əminik ki, neft-qaz ehtiyatlarına tələbat hələ azı 10 il aktual qalacaq. Bundan başqa, şirkətimiz alternativ enerji sahəsində laiyihələr üzərində işləyir. Bu layihələrin reallaşdırılması qaz istehlakının azalmasına xidmət edəcək və bu həcm ixraca yönəldiləcək", - o bildirib.