Son vaxtlar ölkədə A-95 (PREMİUM) markalı avtomobil benzininin satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır.
Qaziler.az Trend-ə istinadla xəbər verir ki, SOCAR-ın İctimaiyyətlə əlaqələr və Kommunikasiya xidməti yayılan məlumatları təkzib edib.
“Heç bir məhdudiyyətdən, bahalaşmadan söhbət belə gedə bilməz. Çox güman ki, məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqəsində yaranmış texniki problemlə bağlı olub", - SOCAR-dan bildirilib.
Qeyd edilib ki, ölkəmizdə fəaliyyət göstərən bütün SOCAR brendli yanacaqdoldurma məntəqələrində, eyni zamanda Siyəzəndə fəaliyyət göstərən hər iki YDM-də A-92 və digər yanacaq növlərinin satışı ilə bağlı heç bir çətinlik yoxdur. Hazırda qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir.
Xatırladaq ki, A-95 (PREMİUM) və A-98 (SUPER) markalı yanacaq növləri ölkədə istehsal olunmur. Hazırda SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda ancaq Aİ-92 markalı benzin istehsal olunur.
Aİ-92 markalı benzinin qiyməti Tarif (qiymət) şurası tərəfindən tənzimlənir. Digər benzin markalarının qiymətləri isə onların alış bazarındakı qiymətlərdən asılıdır.
A-95 və A-98 markalı yanacaq növlərinə olan qiymətlər axırıncı dəfə ötən ilin sentyabrın 15-də artıb. Hazırda A-95-in bir litri 1,6 manata, A-98-in bir litri isə 1,9 manatadır.