Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi daha da genişlənir. "APA-Economics"in xəbərinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə başlayan, “Tarans-Anadolu” Qaz Boru Xətti (TANAP) ilə davam edən enerji körpüsünə elektrik enerjisi istehsalı də qatılır. Belə ki, 3 ölkənin qoşulacağı elektrik enerjisi xətti üçün ilk bəyannamə imzalanıb. Tbilisidə bir araya gələn üç ölkənin nümayəndə heyətləri elektrik enerjisi xətti üçün iki fərqli istiqamət müəyyənləşdirib.
Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov Şərq-Qərb xətti EWEC, Şimal-Cənub xətti isə NOSEC adını daşıyacağını bildirib. Nazir müavininin sözlərinə görə, layihənin dirəyi hesab olunan xətlərdən biri Samuxla Gürcüstanın Qardabani rayonunu birləşdirəcək. Digər xətti isə Gürcüstanın Axalsixe ərazisindən Türkiyəyədək uzanacaq.O, əlavə edib ki, Azərbaycan elektrik enerjisinin Türkiyəyə Gürcüstan üzərindən nəql olunmasında sonra qarşıda duran prioritet vəzifələrdən biri də onun paylanmasıdır. Bu işlə məşğul olmaq üçün "Azərenerji" ASC Türkiyə bazarına daxil olmaq niyyətindədir. Qarşıdakı günlərdə "Azərenerji"nin qonşu ölkədə əməliyyatların həyata keçirməsi üçün lisenziya alacağı gözlənilir.