Bakı-Tbilisi-Ərzurum qaz borusunda partlayış törədilib. APA-nın “Anadolu"ya istinadən verdiyi məlumata görə, partlayış qaz borusunun Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.
Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın PKK terrorçularının hücumu nəticəsində törədildiyini bildirib.“Partlayış terror hücumu nəticəsində baş verib. Güclü yanğın səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, deyə Günay Özdəmir bildirib. Onun sözlərinə görə, qaz borusunda təbii qazın nəqli dayandırılıb. Hadisə yerində başlayan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünür.
Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tblisi-Ərzurum qaz borusunda partlayış törədilmişdi.