TANAP layihəsi üzrə tikinti işlərinin daha bir mərhələsi başa çatdırılıb

TANAP layihəsi üzrə tikinti işlərinin daha bir mərhələsi başa çatdırılıb backend

Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi üzrə tikinti işlərinin daha bir mərhələsi başa çatdırılıb.



AZƏRTAC xəbər verir ki, bu barədə TANAP-ın rəsmi saytında məlumat verilir. Bildirilir ki, Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP layihəsinin martın 17-də təməlinin qoyulası ilə başlayan tikinti işlərində irəliləyiş davam edir. Hazırda 1850 kilometrlik boru kəmərinin 56 düym diametrindəki hissəsində başlayan yol açma işləri həyata keçirilir. Saxlama sahələrinə gətirilən təxminən 10 ton ağırlığında və 12 metr uzunluğundakı polad borular qaynaq edilir. Boruların tikinti sahələrinə aparılması və xətt boyunca düzülməsi işləri də davam etdirilir.

TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.
Diaspora