Azərbaycanda ödəmə terminalları vasitəsilə bankların debet kartına mədsaxil zamanı hər hansı komissiya tutulmurdu. Lakin iddialara görə, artıq ödəniş terminalları sözügedən əməliyyatlar zamanı müşəridən müəyyən faiz tutmağa başlayıb. Bununla bağlı sosial şəbəkələrdə də etirazlara rast gəlmək mümkündür.
Qaziler.az xəbər verir ki, "ölkə.az” məsələ ilə bağlı ölkənin aparıcı elektron ödəniş sistemləri "Komtec” Ltd (MilliÖn ticarət nişanı) və "Modenis” MMC (eManat) ilə əlaqə saxladıq.
"MilliÖn”dən sualımıza cavab olaraq bildirildi ki, yalnız "Azər-Türk Bank”ın debet kartlarına mədaxil zamanı məbləğin 0,6%-i həcmində komissiya tutulur. Faizin "MilliÖN” tərəfindən tutulduğu və bankla müqavilə əsasında müəyyənləşdirildiyi qeyd edilib.
"eManat”ın Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən isə belə komissiyanın "Azər-Türk Bank”a məxsus debet kartları ilə əməliyyatlarda tutulduğu deyildi:
"eManat” ödəmə sistemi vasitəsilə "Azər-Türk Bank” debet kartlarına mədaxil zamanı tutulacaq 1% komissiya bank tərəfindən razılaşdırılmış komissiyadır. Kredit və kredit kartı üzrə ödənişlər isə köhnə qaydada, müştərinin ödədiyi vəsaitdən heç bir komissiya tutulmadan banka göndəriləcək”, - deyə açıqlamada qeyd olunub.
Qurumun çağrı mərkəzindən isə komissiyanın aprelin 1-dən bank tərəfindən tutulacağı deyildi.
"Azər-Türk Bank”ın açıqlamasında isə qeyd olunub ki, debet kartları ilə aparılan əməliyyatlar üzrə 1% həcmində xidmət haqqı birbaşa "MilliÖn” və "eManat” sistemləri tərəfindən tutulacaq. Bank bu əməliyyatlar üzrə heç bir komissiya nəzərdə tutmayıb. Səbəb kimi isə sözügedən ödəniş sistemləri tərəfindən xidmət haqqının kəskin şəkildə artırılmasının bank əməliyyatları üzrə tariflərə yenidən baxılmasına zərurət yaratdığı deyildi. Daha əvvəl isə terminallar vasitəsilə debet karta mədaxil əməliyyatları üzrə komissiyalar bank tərəfindən qarşılanırdı.