Bütün G7 ölkələri Rusiyanın enerji resurslarına görə rublla ödəniş etmək tələbindən imtina edir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek bildirib.
Onun sözlərinə görə, G7 ölkələrinin iqtisadiyyat nazirləri Rusiyanın qaz tədarükünün rublla ödənilməsi tələbini müzakirə ediblər.
Robert Habek qeyd edib ki, G7-nin bütün nazirləri yekdilliklə bunun müqavilələrin birtərəfli qaydada pozulması olduğunu bildirib və vurğulayıblar ki, bağlanmış müqavilələr etibarlıdır, onlara cəlb olunmuş müəssisələr sazişlərə sadiq qalacaqlar (tədarüklər müqavilələrdə razılaşdırılmış valyutada ödəniləcək – red.).
Rusiya Prezidenti Vladimir Putin martın 23-də Rusiya Federasiyasına dost olmayan ölkələrdən qaz tədarükünə görə ödənişləri rublla alacağını bildirib. Putinin fikrincə, Rusiya məhsullarını Aİ və ABŞ-a tədarük etmək və ödənişi onların valyutasında almaq mənasızdır.
Xatırladaq ki, G7-yə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ daxildir.