Rusiyanın hərbi gəmiləri Bakıya niyə yan alıb?

Rusiyanın hərbi gəmiləri Bakıya niyə yan alıb? backend

Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının gəmiləri Bakıdadır. Trend xəbər verir ki, bu gün Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmiləri, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisi Bakı Dəniz Vağzalına yan alıb.

Rusiya hərbçilərinin Azərbaycana bu səfəri dostluq xarakteri daşıyır və qarşılıqlı anlaşma əsasında həyata keçirilir.

Xatırladaq ki, BUYAN-21630 tipli "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmiləri dənizdə, çaylarda və sahildə döyüş aparılması üçün nəzərdə tutulub. Eyni anda radarlarda onlarla hədəfi qeydə alan və hər biri 58 nəfərlik ekipajdan ibarət gəmilərin 30 km-dək məsafədə hədəfləri vura bilən MS-73 tipli reaktiv raket qurğusu var. 80 raket ehtiyatına malik gəmi hədəflərə doğru hər 30 saniyədən bir atəş aça bilir. Bundan əlavə, gəmilərdə yerləşən A-190 tipli artilleriya qurğusu ehtiyatındakı 200 mərmi ilə 27 km-dək məsafədə hədəfləri məhv edə bilir. Gəmilər həmçinin hava hücumundan müdafiə, radioelektron mübarizə və sualtı obuektləri məhvetmə vasitələri ilə təchiz olunub. Gəmilərdəki GİBKO tipli silah 8 km-dək məsafədə hədəfləri vura bilir. Ümumilikdə gəmilərdə 5 pulemyot yetlərşdirilib. Onlarda 6 lüləli AK-306 silahı 9 km məsafədəki hədəflərə doğru dəqiqədə 1500 güllə ata bilir.



“Anatoliy Qujvin” hidroqrafiya gəmisi isə əraziyə dair müxtəlif tipli məlumatları toplamaq üçün nəzərdə tutulub.

Bu gün Azərbaycanın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə gəmilərə keçirilən ictimai baxışda media təmsilçiləri iştirak ediblər. Bildirilib ki, səfər iki ölkənin hərbi dəniz qüvvələri arasında dostluq, qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirməkdir.

Qeyd edək ki, Rusiya hərbi gəmilərinin Azərbaycana səfəri avqustun 13-dən başlayıb. Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar.



Əvvəlcə qonaqlar Hərbi Dəniz Qüvvələrinin həyətində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.

Səfər çərçivəsində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirəcək, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq.



Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.
Diaspora