Braziliyanın Salvador şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. Çempionatda güləşin hər üç növü üzrə iştirak edən Azərbaycan yığma komandası yarışın ikinci gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
AZƏRTAC xəbər verir ki, yarışların ilk günündə komandamız bir gümüş medal qazanıb. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Kərim Cəfərov fərqlənib.Yarışın ikinci günündə isə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Murad Məmmədov (55 kq) bütün görüşlərini tam üstünlüklə başa vurub. O, Hindistan, İran, Özbəkistan, Ermənistan, finalda isə Bolqarıstan idmançısına heç bir xal vermədən 6:0 hesabı ilə qalib gəlib. Güləşçimiz ümumi hesabda rəqiblərindən 42 xal alıb və dünya çempionatının qızıl medalına sahib olub.
Turnirdə 66 kiloqram çəkidə yarışan Ruhin Mikayılov isə Almaniya, Qazaxıstan və Ermənistandan olan rəqiblərinə qalib gəlsə də, yarımfinalda Gürcüstan təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz türkiyəli rəqibinə də qalib gələrək dünya çempionatında fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
İslam Abbasov (84 kq) Venesuela, İsveç, Rusiya və Gürcüstan güləşçilərini məğlub edərək finala vəsiqə qazanıb. Finalda Türkiyə təmsilçisi ilə gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb və İ.Abbasov dünya çempionatının gümüş medalına sahib olub.
Ümumilikdə, 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz 53 xal toplayaraq dünya çempionatını komanda hesabında ikinci yerdə başa vurub. Gürcüstan 60 xalla birinci, Rusiya 47 xalla üçüncü yeri tutub.