“Gəliri yüksək olan ailələr “uşaq pulu”nu niyə almalıdırlar?” - Deputat

“Gəliri yüksək olan ailələr “uşaq pulu”nu niyə almalıdırlar?” -  Deputat backend

“Prezidentin müvafiq sərəncamları ilə əmək haqqılarının artırılması vətəndaşların ürəyincədir. İqtisadiyyatımız inkişaf etdikcə, maliyyə vəsaitlərimiz çoxaldıqca Prezident İlham Əliyev tərəfindən bu sahədə mühüm tədbirlər həyata keçirir və xalq, sözsüz ki, bu dəyişiklikləri xoş qarşılayır. Sərəncamlara əsasən, büdcədən maliyyələşən bir çox sahələrin əmək haqqılarının artırılması nəzərdə tutulub. Bu, çox faydalıdır və əhali tərəfindən yüksək qiymətləndirilir. Əmək haqqının artırılması müəllimlərə də şamil edilməsi təqdirəlayiqdir. Qeyd edim ki, sərəncam 165 min təhsil işçisini əhatə edir və bunun üçün büdcədən 273 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”.

Qaziler.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, minimum əmək haqqının artırılması da vətəndaşların həyat şəraitinin yaxşılaşmasına xeyli dərəcədə təsir edəcək: “Prezidentin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə əlaqədar 2022-ci ildə bir çox işçilərin əmək haqqılarının və sosial ödənişlərin artırılması təxminən 2,1 milyon vətəndaşı əhatə edir və dövlət büdcəsindən 1.5 milyard vəsaitin ayrılması planlaşdırılıb. Digər sahələrdə də ödənişlərin artırılması nəzərdə tutulub ki, bu da əhali üçün çox vacibdir. Sosial islahatlar paketinə daxil olan bu tədbirlər Prezident tərəfindən davamlı olaraq həyata keçiriləcək”.

T.Rzayev qeyd edib ki, o, “uşaq pulu”nun verilməsinin tərəfdarıdır, amma məsələ nizamlı şəkildə həyata keçirilməlidir: ““Uşaq pulu”nun verilməsi məsələsi Milli Məclisdə dəfələrlə qaldırılıb. Burada müəyyən tələblər var. Hesab edirəm ki, məsələ ilə əlaqədar sosial ədalətsizliyə yol verilməməlidir. Tənzimləmə üçün araşdırma aparmaq mütləq lazımdır. Nəzərə almaq lazımdır ki, bəzi vətəndaşların əmək haqqısı həddən artıq yüksək olduğu üçün onlar tələbatlarını ödəyə bilirlər. Yəni, belə yüksək gəlirli ailələrə “uşaq pulu” verilməməlidir. “Uşaq pulu” bütün kateqoriyalara aid ailələrə şamil edilərsə, müəyyən sosial ədalətsizliyə yol vermiş olarıq. Məsələ elə tənzimlənməlidir ki, ödənişlər yalnız ehtiyacı olan ailələrə verilsin. Ölkədə aylıq gəliri yüksək olan ailələr “uşaq pulu”nu niyə almalıdırlar? Hesab edirəm ki, 3 uşağı olan ailələrdə tələbatlar araşdırılaraq “uşaq pulu” mütləq tətbiq edilməlidir. Əgər həmin ailələrin aylıq gəliri tələbatı ödəməyə imkan vermirsə, “uşaq pulu” verilə bilər”.

Diaspora