Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 11 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 1 milyon 24 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 1 milyon 6 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.
Yanvar-noyabr aylarında 28 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.