2014-cü ildə Azərbaycan Respublikasının rezidentləri dünyanın 150 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə əmtəə ixrac olunub, 137 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələri və digərləridir.2014-cü il ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 39,5 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 30,3 milyard dollar, idxalın həcmi 9,2 milyard dollar təşkil edib, nəticədə 21,1 milyard dollarlıq müsbət saldo yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
Qeyri-neft məhsullarının ixracı 1,7 milyard dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 181,6 dollara bərabər olub.