Bahalaşma davam edir - qiymət artımının əsl və süni səbəbləri

Bahalaşma davam edir -  qiymət artımının əsl və süni səbəbləri backend

Ekspert: “Daxildə istehsal olunmayan məhsulların idxalı vergi-rüsuma cəlb edilməməlidir”

Azərbaycan bazarında hiss olunacaq dərəcədə bahalaşma var və bu proses davam etməkdədir. Xüsusilə ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Dövlət  Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin eyni dövrünə nisbətən 5,7 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 6,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,0 faiz təşkil edib. Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ilin oktyabr ayına nisbətən 10 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 13,1 faiz, qeyri-ərzaq məhsulları 6,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 8,4 faiz bahalaşıb.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov büdcə layihəsinin Milli Məclis komitələrində müzakirəsi zamanı yerli istehsal olan malların bahalaşmasından danışmışdı. Nazir ərzaq qiymətlərindəki artımı əsasən xarici amillərlə əlaqələndirib: “Dünya bazarlarında son 12 ildə ən yüksək qida qiymətləri bu il müşahidə olunur. Bu sahədə, xüsusilə ölkəyə idxal olunan qida məhsullarını qeyd edə bilərik. Hətta Azərbaycanda istehsal olunan məhsul olsa belə, qiymətlərlə bağlı bir təzyiq var”.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə ölkənin ərzaq təhlükəsizliyinə diqqətin artırılmasını təklif edib: “Azad rəqabəti təmin etməliyik. Ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir”.  E.Rüstəmov bildirib ki, qiymət artımına təsir edən təbii amillər var: “Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz azad rəqabəti təmin etməliyik”. Baş bankirin sözlərinə görə, bitki yağının, şəkərin qiymətinin artması daha da sürətlənib və buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib.

Oxu.az - Elman Rüstəmov da istefa verdi?

Azərbaycanın ərzaq təminatının mühüm hissəsinin idxal məhsulları hesabına təmin olunduğunu nəzərə alsaq, qlobal bazardakı dəyişikliklərin ölkədəki qiymətlərə təsirinin qaçılmaz olduğunu söyləyə bilərik.  Qlobal bazarda isə bahalaşma davam edir. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən oktyabr ayında qlobal ərzaq indeksi sentyabrdakından 3,9 bənd, ötən ilin oktyabrındakından isə 31,8 bənd yüksək olmaqla 133,2 bəndə çatıb. Bu bahalaşmanın əsas səbəbi isə bitki yağları və taxıl qiymətlərindəki yüksəlişdir. Belə ki, oktyabr ayı ərzində taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 4,3 bənd, ötən ilin eyni dövrünə nisbətən isə 25,1 bənd yüksələrək 137,1 bəndə çatıb. Bu artımda əsas rolu son 4 ayda davamlı olaraq bahalaşan buğda qiymətləri oynayır. Oktyabrda sentyabra nisbətən qlobal buğda qiymətləri 5 faiz, ötən ilin oktyabrına nisbətən isə 38,3 faiz bahalaşıb.

Ərzaq qiymətlərinin qlobal səviyyədə bahalaşması Azərbaycana idxal olunan məhsulların qiymətində özünü büruzə verməkdədir. Rəsmi statistikaya əsasən 2021-ci ilin sentyabr ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20,2 faiz, 2021-ci ilin yanvar-sentyabr aylarında 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən isə 21,5 faiz artıb.

Maraqlıdır ki, Azərbaycanda yalnız idxal olunan deyil, yerli istehsalın məhsulları da bahalaşır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ilin oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi cari ilin sentyabr ayı ilə müqayisədə 23 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 29,6 faiz, emal sənayesi üzrə 2,1 faiz artıb. Əvvəlki ayla müqayisədə istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 27,7 faiz, qeyri neft-qaz sənayesi məhsulları üzrə isə 1,7 faiz yüksəlib.

Azərbaycan Başqırdıstandan emal olunmuş ağac məhsulları idxal edən  ölkələrin ilk beşliyinə daxil olub

Məsələn, götürək tikinti materiallarını. Ölkəyə idxal olunan ağac məmulatlarının qiymətində artımın olması izah olunandır: bu materiallar mənşə ölkəsi olan Rusiyanın özündə bahalaşır. Eyni zamanda xaricdən idxal olunan xammal əsasında istehsal olunan yerli məhsulların qiymət artımı da anlaşılandır. Lakin ölkə daxilində tam yerli xammal əsasında istehsal olunan materialların idxal materialları qədər bahalaşması sırf süni amillərlə bağlıdır. Özü də ölkədə tikinti həcminin artmadığı, yəni tələbatın çoxalmadığı bir şəraitdə. Rəsmi statistikaya baxsaq, bu ilin 9 ayında Azərbaycanda sahəsi  1 milyon 529 min 757,5 kvadratmetr olan 11 814 yaşayış mənzili istifadəyə verilib.  Ölkə üzrə tikintiyə investisiya qoyuluşu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalmaqla 1 milyard 770 milyon 547,3 min manat təşkil edib ki, bunun da 727 milyon 233,1 min manatı (24,2 faiz azalma) mənzil tikintisinə yönəldilib. Hökumətin 2022-ci ildəki iqtisadi artım proqnozlarından aydın olur ki, azad olunan topraqların yenidənqurulması işlərinin genişlənməsinə baxmayaraq, tikinti sektorunda artım ən aşağı göstəricilər sırasındadır. Gələn il bu sahədə cəmi 2,9 faizlik artım proqnozlaşdırılır.

2021-ci ilin oktyabr ayında 2021-ci ilin sentyabr ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 5,1 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 8,5 faiz, heyvandarlıq məhsulları üzrə 2,0 faiz bahalaşıb. Göründüyü kimi, özünütəminat səviyyəsinin nisbətən yüksək olduğu aqrar məhsulların da istehsalçı qiymətlərində artım var. Bu artımın əsas səbəbi kimi daxildə qiymətləri tənzimlənən məhsulların tariflərinin artırılması çıxış edir. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, inflyasiyanın 4/5-ü qeyri-monetar amillər və bunun da təqribən 2/5-i daxili xərc amilləri - dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasından irəli gəlir.

Hökumətin yenilənmiş proqnozlarına görə, cari ildə orta illik inflyasiya 6.2-6.5 faiz, illik inflyasiya isə 9.5-10.5 faiz səviyyəsində gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qalması şərtilə illik inflyasiya 5-6 faiz səviyyəsində proqnozlaşdırılır.

Lakin həm müstəqil ekspertlər, həm də cəmiyyət  rəsmi qiymət statistikasına inanmır: hər kəs bazarlarda qiymətlərin hər həftə dəyişdiyinin bilavasitə şahidi olur.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » YeniSözçü qəzeti

 Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda bahalaşmanın bir səbəbi də idxal məhsullarına yüksək vergi və rüsumların tətbiq olunmasıdır: “Ölkədə yerli istehsalı olmayan və ya, çox cüzi olan mal və məhsullara 15 faiz gömrük rüsumu və 18 faiz ƏDV tətbiqi məntiqsiz olmaqla yanaşı, ölkədəki qiymət artımının əsas səbəblərindən biridir. Məsələn, dərman preparatları sosial məsələdir, insanların sağlamlığına, həyat keyfiyyətinə təsir göstərir. Ölkədə dərman istehsalı yox dərəcəsindədir, amma xaricdən gətirilən dərmanlara rüsum və vergi tətbiq olunur ki, bu da qiymətləri artıran əsas amillərdən biridir.

Bu gün rəsmi məlumat yayıblar ki, ölkədə əczaçılıq məhsulları istehsalı bu ilin yanvar-oktyabr aylarında kəskin artıb, keçən ilin ey dövrünə görə artım 90,2 faiz təşkil edir. Bu ilin ilk 10 ayında ölkədə cəmi 8,6 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib. Bunlar əsasən  tibbi maska və dezinfeksiya üçün tibbi spirtdir, vəssalam. Bəs yaxşı, ölkədə bu ilin 10 ayında nə qədər əczaçılıq məhsulları satılıb?! Bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə əczaçılıq məhsullarının satışı 36,3 faiz artaraq 758.6 milyon manat olub. Təsəvvür edin ki, ölkədə 10 ayda 758 milyon manatlıq əczaçılıq məhsulları satılıb, bunun cəmi 8 milyon manatını özümüz istehsal etmişik, 750 milyon manatını isə xaricdən almışıq və əczaçılıq məhsullarının qiymətində, azı 35 faiz rüsum-vergi var. Yəni bu gün 10 manata aldığımız dərmanı doğru gömrük-vergi siyasəti aparsaydıq, 6 manat 50 qəpiyə almalı idik.

Dövlət hökumət niyə rüsum-vergi yığır?! Bəli, vətəndaşına sağlıq, təhsil, sosial xidmətlər göstərmək, infrastrukturu yeniləmək, vətəndaşın ölkə daxilində və sərhədlərimizdə təhlükəsizliyini təmin etmək üçün. Yaxşı, vətəndaş xaricdən gətirilən dərmanı baha alıb içində 35 faiz rüsum-vergi niyə ödəsin ki?! Səhiyyə xərclərini azaldın, zatən qeyri-şəffaf xərcləyirsiz, əvəzində vətəndaşın cibinə birbaşa təsir edən rüsum-vergiləri də aşağı salın - vəssalam. Niyə sağ qulağı sol əllə qaşımağa davam edirsiniz ki?! Məsələn, bu ilin 10 ayında rüsum-vergilərə görə dərman alan vətəndaş əlavə 200 milyon manata yaxın pul ödəyib, bunu ödəməsin, siz də səhiyyə  xərcindən 200 milyon manat azaldın - zatən vətəndaşdan topladığınız vergini vətəndaşa hesabat verərək xərcləmirsiniz, heç olmasa vətəndaşın cibinə dəyməyin, imkan verin dolansın".

Qeyd edək ki, inhisarçılıqdan qaynaqlanan süni qiymət artımının qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Ancaq son zamanlar bazardakı süni qiymət artımının qarşısını almaq istiqamətində bu qurumun fəaliyyəti müşahidə olunmur. Adıçəkilən qurum bahalaşmaya nə nəzarət, nə də müdaxilə edə bilir...


“Yeni Müsavat”

Diaspora