Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “COVİD-19-a Aktiv Cavab və Xərcin Dəstəklənməsi Proqramı” üzrə kredit ayrılmasına dair müqavilələr imzalanıb.
Report.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
AİB və AİİB-in birgə maliyyələşdirmə mexanizmi əsasında razılıq verilmiş ümumilikdə 350 milyon ABŞ dolları məbləğində olan kredit sazişlərini Azərbaycan Hökuməti adından nazir Samir Şərifov, AİB adından Azərbaycan üzrə ölkə direktoru xanım Kandis Makdegan, AİİB adından isə Bankın Baş direktoru Supi Teravanintorn imzalayıb.
Kredit Sazişlərinin şərtlərinə əsasən Proqram çərçivəsində AİB-dən 250 milyon ABŞ dolları və AİİB-dən 100 milyon ABŞ dolları məbləğində kreditlərin 10 il müddətinə LİBOR üstəgəl 0,5 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.
Sözügedən proqramın məqsədi koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı hökumət tərəfindən həyata keçirilən tədbirlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin dəstəklənməsidir.
İmzalanma mərasimində maliyyə naziri Samir Şərifov Azərbaycan ilə AİB və AİİB arasında uzunmüddətli və strateji əməkdaşlıqdan məmnunluğunu ifadə edərək etibarlı və vacib tərəfdaş kimi bankların Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdikləri davamlı dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini ifadə edib.
Eyni zamanda qeyd olunub ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə “COVID-19”la mübarizə tədbirlərində yaxından iştirak edərək həm Ümumdünya Səhiyyə Təşkilatına, həm də 30-dan çox ölkəyə maliyyə, humanitar və dərman yardımları göstərib. Nazir bildirib ki, müsbət meyillərə baxmayaraq hələ də “COVID-19” pandemiyasının fəsadlarının dünya iqtisadiyyatı üçün təhdid olaraq qaldığı bir vaxtda ölkələrin qazandığı mühüm uğurların qorunması üçün AİB və AİİB fəal mövqe nümayiş etdirərək birgə maliyyələşdirmə mexanizmi əsasında qısa müddət ərzində təqdim etdiyi çevik və səmərəli kredit proqramı mühüm əhəmiyyətə daşıyır.
Qeyd olunub ki, pandemiya ilə bağlı ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlərin bugünədək olduğu kimi daxili imkanlar hesabına maliyyələşdirilməsi imkanlarının mövcudluğuna, habelə Azərbaycan Respublikası tərəfindən “COVID-19”la beynəlxalq mübarizə tədbirlərinə verdiyi töhfələrə baxmayaraq, AİB və AİİB tərəfindən bütün regional üzv ölkələrə təqdim olunan dəstək proqramından Azərbaycanın da faydalanması barədə qərar qəbul edilib.
AİB-nın Azərbaycan üzrə direktoru xanım Kandis Makdegan hökumətin “COVID-19”la mübarizə sahəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək Azərbaycanda həyata keçirilən pandemiyaya cavab tədbirlərinə, habelə ölkənin milli inkişaf prioritetlərinə bankın dəstəyinin bundan sonra da davam edəcəyini ifadə edib.