Peşə fəaliyyəti zamanı işçinin sağlamlığına dəyən zərər nəticəsində əmək qabiliyyətinin daimi itirilməsinə (əlillik) görə zərərçəkənə (işçiyə), ölümü halında isə onun vərəsələrinə sığorta ödənişinin verilməsi qanunvericilik əsasında təmin edilir.
Qazilər.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə yaydığı məlumatda qeyd olunur.
İki qurumun işəgötürənlərə və məşğul əhali qrupuna (işçilərə) müraciətində qeyd olunur ki, hər bir işəgötürən öz işçisini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” Qanununa əsasən sığortalamaq öhdəliyi daşıyır. İşçinin isə öz növbəsində həmin müqavilənin bağlanması haqqında məlumat əldə etmək hüququ vardır. Bu sığorta təminatı peşə fəaliyyəti zamanı bədbəxt hadisələr və ya peşə xəstəliyi baş verəcəyi təqdirdə işçi və ya onun vərəsələrinin müvafiq təzminat almasına imkan yaradır.
Qanunvericiliyin tələbinə uyğun olaraq işçisini sığortalamayan işəgötürənlər, bədbəxt hadisənin baş verməsi və ya peşə əmək qabiliyyətinin itirilməsi halında işçiyə və ya onun vərəsələrinə təzminat ödəməlidir. Bu tələbə əsasən İşəgötürən maliyyə sabitliyini sığorta mexanizmi vasitəsilə qorumuş olur. İşçilərini bu növ üzrə sığortalamayan sahibkarlıq subyektlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən cərimə edilməsi mümkündür.
Azərbaycan Respublikasının Mərkəzi Bankının sığorta sektorunun inkişafı və vətəndaşlarımızın baş verəcək maliyyə itkilərinə qarşı sığorta təminatı ilə güvəndə olması istiqamətində həyata keçirdiyi silsilə tədbirlərinin tərkibində sözügedən növ üzrə proseslərin İSB tərəfindən elektronlaşdırılması və sistemin təkmilləşdirilməsi işləri uğurla icra edilir. İşəgötürənlərin internet səhifəsini istifadə etməklə, e-xidmətlər bölməsinə gücləndirilmiş elektron imza vasitəsilə daxil olmaları və elektron qaydada sistem üzərindən asanlıqla sığorta təminatı almaları mümkündür. Bundan başqa sığortalıların sığorta əməliyyatları üzrə tarixçəsini izləmələri üçün şəxsi kabinet, icbari sığorta növləri üzrə sığorta haqqının hesablanması üzrə kalkulyatoru və digər maarifləndirici materiallar istifadəyə verilib.
Qeyd edilən sığorta təminatı üzrə cari ilin yanvar-avqust aylarında baş vermiş hadisələrə görə 2.4 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon manatdan çoxdur. Cari ildə həyata keçirilmiş bir ölüm halı üzrə müvafiq işçinin vərəsələrinə ödənmiş ən yüksək sığorta ödənişi 250.000 manat təşkil edib. Əlillik halı ilə bağlı həyata keçirilmiş ən yüksək sığorta ödənişi isə 100.000 manat olub.